
İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 76
Hər kəsin səhv yazdığı o çətin suallar? Artıq problem deyil! DDA-nın yeni test kitabındakı ən qəliz situasiyaların detallı izahlarını tapdınız.
Əziz gələcək sürücülər!
Bilirik ki, sürücülük imtahanına hazırlaşarkən qarşınıza elə suallar çıxır ki, qaydanı bilsəniz belə, məntiqini tutmaq çətin olur. Test kitabımızın son bölməsindəki o "şifrəli" və ən çox çaşqınlıq yaradan sualları məhz buna görə ayrıca qruplaşdırdıq.
Hələ də test kitabımızı əldə etməmisinizsə, imtahanı ilk cəhddən keçmək üçün tam versiyanı aşağıdakı linkdən sifariş edə bilərsiniz.
Özünüzü Xüsusi imtahan proqramında test etmək istəsəniz: XÜSUSİ İMTAHAN PROQRAMI
BİLET № 76
1. | 3.13 “Hündürlüyün məhdudlaşdırılması” nişanı qabarit hündürlüyü (yük ilə və ya yüksüz) 3,5 m-dən artıq olan NV-nin hərəkətini qadağan edir. NV-nin qabarit hündürlüyü yolun səthindən yükün və ya NV-nin ən yuxarı nöqtəsinə qədər olan məsafə hesab olunur. Daşınan yükün hündürlüyü 2,4 m olduqda + avtomobilin bort platformasının hündürlüyü 1,2 m, deməli ümumi hündürlük = 3,6 m olur. Cavab-3. |
2. | Şəkildə 3.2 “Hərəkət qadağandır” nişanı tətbiq edilməklə hərəkətin qadağan edildiyi yol sahəsi göstərilmişdir. 3.2 yol nişanı öz təsir sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan NV-yə şamil edilmir. Belə NV işarələnmiş sahədəki təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar (m.64.V). Sualın şərtindən aydın olur ki, şəkildə göstərilən NV-lərə trayektoriyalar üzrə getmək qadağan deyil. Lakin bəzi detallara fikir vermək lazımdır. 2-ci avtomobilin sürücüsü sağ zolaqdan sola dönməklə manevretmə qaydalarını pozacaq (m.42.VI). 5-ci avtomobilin sürücüsü sağa dönməklə yolayrıcı qarşısındakı 3.18.1 “Sağa dönmək qadağandır” nişanının tələbini pozacaq (m.64.V). Avtobus və 4-cü avtomobilin sürücüləri isə düz istiqamətdə getməklə qarşılarında gördükləri 4.1.6 “Sağa və sola hərəkət” yol nişanının tələbini pozacaqlar (m.65.III). Cavab-1. |
3. | Şəkildə daxiliyanma mühərrikinin quruluşu göstərilib. Yaşıl rənglə göstərilən hissə – sürgüqoludur (şatun), o, porşenin hərəkətini dirsəkli vala ötürür. Sürgüqolunun yuxarısına birləşdirilən hissə – porşendir, o, silindr daxilində hərəkət edir və qazların təzyiqini qəbul edir. Sürgüqolunun aşağı hissəsi dirsəkli vala bərkidilib. Dirsəkli val sürgüqolundan aldığı hərəkəti fırlanma hərəkətinə çevirir. Bu hissələr birlikdə çarxqolu-sürgüqolu mexanizmini təşkil edir və onların ardıcıllığı belədir: porşen → sürgüqolu → dirsəkli val. Cavab-4. |
4. | Şəkildə nizamlanan yolayrıcı və avtomobillərin müxtəlif hərəkət istiqamətləri göstərilib. Bu şəraitdə sürücülər nizamlayıcının siqnallarını və yol nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Sarı rəngli avtomobilin sürücüsünə bu yolayrıcında sağa dönmək qadağandır. Bu qadağa həm nizamlayıcının verdiyi siqnalla, həm də kəsişən yolda hərəkətin birtərəfli olması ilə bağlıdır. Ağ rəngli avtomobilin sürücüsünün E üzrə dönməsi qaydalara ziddir, belə ki, yol birtərəfli olduğundan, sürücü əvvəlcədən sol zolağa yerdəyişmə edib sonra sola dönməli idi. Sürücü yolayrıcına daxil olduqda nizamlayıcının siqnalını əsas tutub B və ya C üzrə hərəkətini davam etdirə bilər. A üzrə dönmək qadağandır (m.58.II). Cavab-3. |
5. | Yolun nişanlanma xətləri müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir (m.69.IV). Yol hərəkəti elə təşkil olunmalıdır ki, nişanlanma xətləri ilə yol nişanlarının tələbləri, habelə qaydalar arasında ziddiyyat olmasın. Buna baxmayaraq yollarda bu prinsipin tam ödənilmədiyi hallarla rastlaşmaq olur. 1.5 nişanlanma xətti ilə bağlı bəzi məqamlara diqqət yetirək. 1.5 - iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir. 1.5 xəttini istənilən tərəfdən kəsib keçməyə icazə verilir (m.69.VI, VII). Lakin: 1) üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında sola dönmək üçün kənar sol zolağa keçmək məqsədilə 1.5 xəttini kəsib keçmək olmaz; 2) başlanğıcında “Düzünə hərəkət” yol nişanı quraşdırılmış yol sahəsində sola dönmək məqsədilə 1.5 xəttini kəsib keçmək olmaz; 3) ÜİONV üçün nəzərdə tutulmuş zolağa keçərək həmin zolaqda hərəkəti davam etdirmək məqsədilə 1.5 xəttini kəsib keçmək olmaz; 4) iki hərəkət zolağı olan ikitərəfli hərəkət yolunda “Ötmək qadağandır” nişanının təsir sahəsində ötmək məqsədilə 1.5 xəttini kəsib keçmək olmaz. Cavab-5. |
6. | Şəkildə avtomobilin konstruktiv tərtibat sxemi göstərilib. Göstərilən avtomobildə mühərrikdən hərəkət iki ox vasitəsilə həm ön, həm də arxa təkərlərə ötürülür. Bu, o deməkdir ki, avtomobilin bütün dörd təkəri aparıcıdır. Belə sistemlər tam ötürücülü (4x4) avtomobillər adlanır və bu tip avtomobillər çətin yol şəraitində yüksək dartma qabiliyyətinə malik olur. Mühərrikdən alınan fırlanma hərəkəti ötürmələr qutusundan sonra paylayıcı qutuya ötürülür, oradan isə qabaq və arxa kardan valları vasitəsilə müvafiq oxa yönəldilir. Burada paylayıcı qutu mavi rənglə göstərilib. Cavab-2. |
7. | Pnevmotik və pnevmohidravlik tormoz sistemi olan avtomobillərdə mühərrik işləyərkən kompessor vasitəsilə hava xüsusi balonlara vurulur və orada yüksək təzyiq altında saxlanılır. Bu hava tormoz sistemini aktivləşdirmək məqsədilə istifadə olunur. Mühərrik işləmədikdə belə həmin havadan istifadə olunur. Əgər havanın saxlandığı sistemdə havanın sızması baş verərsə, bu həmin havanın tez bir zamanda bitməsinə və tormoz sisteminin nasaz vəziyyətə düşməsinə səbəb olacaqdır. Bunun bir norması və yoxlama üsulu vardır. Mühərrik söndürülür, tormoz pedalı tam sıxılır - əgər 15 dəqiqə ərzində sistemdəki havanın təzyiqi 0,05 MPa və daha çox aşağı düşərsə, avtomobil nasaz sayılır və onun istismarı qadağan edilir (Əlavə 1). Havanın təzyiqinin düşməsinə manometr vasitəsi ilə nəzarət edilir. Cavab-2. |
8. | Avtomobilin faktiki kütləsi onun icazə verilən maksimum kütləsinə bərabərdirsə, deməli avtomobil tam yüklü vəziyyətdədir. Tam yüklü NV-nin saz vəziyyətdə olan duracaq tormoz sistemi onların tərpənməzliyini yolun 0–16 dərəcəli maillik həddində təmin etməlidir. Bu halda duracaq tormoz sistemi 16 dərəcədən çox olan enişdə (yoxuşda) avtomobilin tərpənməzliyini təmin etməyə bilər (Əlavə 1). Cavab-1. |
9. | Dayanma və ya durma qaydalarını pozmuş sürücü NV-nin yanında olmadığı və həmin NV yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı halda, habelə NV 24 saatdan artıq parklanma yerində saxlanıldıqda, müvafiq tədbirlər görüldükdən sonra NV-nin ən yaxın mühafizə edilən duracağa aparılması təmin edilir (m.85.10). Dayanma və ya durma qaydalarının pozulduğu digər hallarda, o cümlədən də cavablarda sadalanan hallarda NV mühafizə edilən duracağa aparılmır, lakin inzibati xəta haqqında qərar tərtib edilir. Cavab-4. |
10. | Günəş batdıqdan sonra yaşayış məntəqəsinə çökmüş duman məhdudiyyətli görünmə şəraiti yaratmışdır. Deməli, məkan - yaşayış məntəqəsi, şərait isə sutkanın qaranlıq vaxtıdır. Yaşayış məntəqəsində səs siqnalından ötmə məqsədi ilə deyil, yalnız yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün istifadə etmək olar. Ötmə barədə xəbərdarlıq etmək üçün isə işıq siqnalı verilə bilər. Bu zaman faraların işıqlarının qoşulu olduğunu nəzərə alaraq, onların yaxın işığı dəfələrlə uzaq işığa keçirilməlidir (m.73.XI, XII). Cavab-4. |
11. | 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri” yol nişanı və sualın şərti əsas verir ki, vəziyyəti təsəvvür edək. İkitərəfli yolun əks istiqamətində də iki və daha artıq hərəkət zolağı ola bilər. Yolayrıcına yaxınlaşan İVMK-sı 3.5 t olan qoşqulu yük avtomobili bu yolayrıcında qaydalara əməl etməklə geriyə dönə bilər. Bunun üçün hərəkət hissəsinin eni kifayət qədərdir. Belə olan halda qaydalara müraciət edək: m.42.VI - sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Yol nişanı sol kənar iki zolaqdan sola dönməyə icazə verirsə, deməli onların hər birindən sola dönmək olar. Lakin geriyə dönmə manevri mütləq şəkildə kənar sol zolaqdan icra edilməlidir (m.69.VI(18)). Bu şərtlər manevr zamanı təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır. Beləliklə, sürücü sola dönmək üçün 3 və ya 4-cü zolağa, geriyə dönmək üçün isə yalnız 4-cü zolağa keçməlidir. Cavab-2. |
12. | Sual çox maraqlıdır və bir çox sürücülər bunu düzgün başa düşmədiklərindən cərmələnirlər. Ödənişli parklanma yerlərində NV-nin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda NV-nin sürücüsü (istifadəçisi) SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. NV-nin sürücüsü (istifadəçisi) parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq ödəniş etməlidir (m.53.XV). Əgər parklanma müddəti vaxtında başladılmazsa, birinci 15 dəqiqəni müəyyən etmək mümkünsüz olacaqdır, ikincisi, bu qayda pozuntusu aşkar edilərsə sürücü məsuliyyət cəlb ediləcək (m.53.XXI). Cavab-1. |
13. | Minik avtomobilində sənaye üsulu ilə hazırlanmış rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə yalnız o halda icazə verilir ki, onların işıqburaxma göstəricisi dövlət standartlarının tələblərinə uyğun olsun (Əlavə 1-VII). Hələlik qüvvədə olan standarta görə bu göstərici küləyə qarşı olan ön şüşə üçün 75%-dən, yan qapıların şüşələri üçün 70%-dən az olmamalıdır. Arxa şüşələr üçün bu hədd məhdudlaşdırılmır. İşıqburaxma qabiliyyəti 25% olan rəngli şüşələr avtomobildə yalnız arxa şüşələrin əvəzinə istifadə edilə bilər. Cavab-4. |
14. | 2.5 nişanı kəsişən (birləşən) yolun görünməsi məhdud olduqda yolayrıcı qarşısında, bitişik ərazilərdən çıxışlar qarşısında, nizamlanmayan dəmir yol keçidləri qarşısında, habelə xüsusi postların (karantin, nəzarət və s.) qarşısında quraşdırıla bilər. Cavblarda bu yerlərdən ikisinə baxılır. Sualın mahiyyəti isə ötmə manevri ilə əlaqəlidir. Dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda, ötmə - bu məqsədlə istifadə edilən hərəkət zolağından və istiqamətindən asılı olmayaraq, qadağandır. Nizamlanan yolayrıclarında 2.5 nişanı qüvvəsini itirir və belə yolayrıcında əks istiqamətli hərəkət zolağına keçmədən, yəni eyni istiqamətli hərəkət zolağından istifadə etməklə ötməyə icazə verilir. Nizamlanmayan yolayrıclarında isə 2.5 nişanı tərəfdən gələn NV-yə avtomobili ötmək qadağandır (m.51.V). Cavab-2. |
15. | Şəkildə yolayrıcı və yolayrıcıdan kənarda tramvay yolu ilə hərəkət hissəsinin kəsişməsi, habelə NV-lər göstərilib. Sualda soruşulur ki, “?” işarəsi yerində nizamlayıcı siqnalları verildikdə şəkildə əks olunmuş yol sahəsində neçə mexaniki NV hərəkətini davam etdirə bilər. İlk növbədə aydınlaşdıraq ki, tramvaylar mexaniki NV hesab edilmir (m.1.18). Deməli, nizamlayıcı siqnallarını dəyişməklə yalnız avtomobillərin hərəkətini təhlil edəcəyik. Nizamlayıcının siqnalları yalnız durduğu yerdə hərəkət növbəliyini müəyyənləşdirir və 5-ci avtomobilə şamil edilmir. Əgər “?” işarəsi yerində sinəsi 1-ci tramvaya tərəfə olmaqla 1-ci və ya 3-cü nizamlayıcı gördüyümüz siqnalı verərsə, bütün avtomobillərin sürücüləri oxlar istiqamətində hərəkəti davam etdirə bilər. Nizamlayıcının bu siqnalı yalnız tramvayların hərəkətini qadağan edir. “?” işarəsi yerində sinəsi 1-ci tramvaya tərəfə olmaqla 2-ci nizamlayıcı gördüyümüz siqnalı verərsə, tramvaylar hərəkəti davam etdirəcək, 3-cü avtomobilin sürücüsü yolayrıcını keçib tramvay xəttinin qarşısında dayanacaq, 4-cü, sonra isə 5-ci avtomobilin sürücüləri ox istiqamətində hərəkəti davam etdirərək gördüyümüz yol sahəsini tərk edəcəklər. Beləliklə, 1-ci və 3-cü nizamlayıcının siqnalları verildikdə - 3 mexaniki NV, 2-ci nizamlayıcının siqnalı verildikdə isə 2 mexaniki NV şəkildə gördüyümüz yol sahəsini tərk edəcəkdir (m.58.II). Cavab-1. |
16. | Şəkildə yolayrıcı və ona yaxınlaşan NV-lər göstərilib. Sualda soruşulur ki, “?” işarəsi yerində nizamlayıcı siqnalları verildikdə yolayrıcını neçə mexaniki NV tərk edə bilər. Bildiyimiz kimi, tramvaylar mexaniki NV hesab edilmir (m.1.18). Deməli, nizamlayıcı siqnallarını dəyişməklə yalnız avtomobillərin hərəkətini təhlil edəcəyik. Əgər “?” işarəsi yerində kürəyi C avtomobilinə tərəf olmaqla 1-ci və ya 3-cü nizamlayıcı gördüyümüz siqnalı verərsə, yolayrıcını tramvaylarla yanaşı, yalnız B avtomobili keçə bilər. “?” işarəsi yerində kürəyi C avtomobilinə tərəfə olmaqla 2-ci nizamlayıcı gördüyümüz siqnalı verərsə, yolayrıcını A və D avtomobilləri tərk edə bilər. Beləliklə, 1-ci və 3-cü nizamlayıcının siqnalları verildikdə - 1 mexaniki NV, 2-ci nizamlayıcının siqnalı verildikdə isə 2 mexaniki NV yolayrıcını tərk edəcəkdir (m.58.II). Cavab-2. |
17. | Avtomobil – yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan NV-nin yedəyə alınması üçün istifadə edilən mexaniki NV-dir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz NV-ni də əhatə edir) (m.1.19). 2, 3 və 4-cü cavablarda qeyd edilən NV-lər bu təyinata tam uyğundur və onlar ümumi olaraq avtomobil hesab edilirlər.“A” kateqoriyasına aid edilən dördtəkərli mexaniki NV – yüngül kvadrisikldir (m.1.25-2; m.34.IV). Yüngül kvadrisikl təsnifatlandırmaya görə motonəqliyyat vasitəsi hesab edilir və avtomobilin təyinatında nəzərdə tutulmuş tələblərə tam olaraq cavab vermir. Cavab-1. |
18. | Sualın şərtini təhlil edək. Avtomobillər sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda süni işqlandırmanın olmadığı yol çiynində dayandırılmışdır. Məqsəd qısa müddətli dincəlmək olduğundan bu, NV-nin durması hesab edilir. Yol çiynində dayanma və durma qadağan deyil. Durma qadağan olunmadığından yedəkdə aparılan nasaz NV-yə görə qəza dayanma işıq siqnallarını yandırmaq və ya qəza dayanma nişanını quraşdırmaq tələb olunmur. Durma qısa müddətli planlaşdırıldığından, NV-ni yoldan çıxarmaq da tələb olunmur. Beləliklə, sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən NV-də və avtoqatarda qabarit işıqları yandırılmalıdır (m.73.VI). Cavab-4. |
19. | Minik avtomobillərinin sürücüdən arxa tərəfdə yerləşən bütün yan və arxa şüşələrinə plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, bu şüşələrə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Lakin qabaq qapıların şüşələrinə və küləyə qarşı olan ön şüşəyə işıqburaxma qabiliyyətinin həddindən asılı olmayaraq örtüklərin çəkilməsi qadağandır (Əlavə 1(7), NK-nin 2023-cü il tarixli 18 nömrəli Qərarı). Cavab-3. |
20. | Şəkildə minik avtomobilinin qida sistemi və bu sistemə daxil olan altsistemlər - yanacaq sistemi (qırmızı rəngdə), qazların xaricetmə sistemi (yaşıl rəngdə), havavermə sistemi (göy rəngdə) göstərilmişdir. Mühərrikin səs gücünün artırılması məqsədi ilə NV-nin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılması – bu, yaşıl rəngdə göstərilən sistemə, işlənmiş qazlarda zərərli maddələrin miqdarının dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olması - bütün alt sistemlərə, yanacaq sisteminin hermetikliyinin pozulması - qırmızı rəngdə göstərilən sistemə aiddir. Beləliklə, sadalanan bütün nasazlıqlar şəkildə göstərilən sistemə aiddir. Cavab-4. |
DİGƏR BİLETƏ KEÇİD ET (BİLET 77)
© 2026 DDA MMC. Bütün hüquqlar qorunur. Saytdakı test izahlarının və materialların icazəsiz kopyalanması və ya paylaşılması qadağandır.
Digər Maraqlı Yazılar

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 78

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 77

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 75

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 74

