Şüşələrinin tündləşdirilməsi
“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavədə qeyd edilib:
VII. Konstruksiyanın digər ünsürləri
3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə nəqliyyat vasitəsinin istismarı qadağandır.
Qeyd: İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir.
NƏQLİYYAT VASİTƏLƏRİNİN ŞÜŞƏLƏRİNƏ ÖRTÜKLƏRİN ÇƏKİLMƏSİ QAYDASI
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmişdir.)
1. Ümumi müddəa
Bu Qayda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. nəqliyyat vasitələri – minik və yük avtomobilləri, həmçinin avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar;
2.1.2. örtük – jalüz, pərdə və ya plyonka;
2.1.3. jalüz – öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıb-bağlanan aksesuar;
2.1.4. pərdə – perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər;
2.1.5. plyonka – işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır.
3. Şüşələrə örtüklərin çəkilməsinin şərtləri
3.1. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.
3.2. Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
3.3. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir.
3.4. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.
3.5. Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır.
3.6. Örtüklərin torşəkilli olmasına yol verilir.
3.7. Örtüklərin çəkilməsi (quraşdırılması) zamanı yol hərəkəti iştirakçılarına xəsarət yetirə və hərəkət üçün təhlükə yarada bilən amillərə yol verilməməlidir.
4. Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasına əməl edilməsinə nəzarət
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
- alın şüşələri (qabaq şüşə) .......................75%-dən;
- qabaq və arxa yan şüşələr......................70%-dən;
- arxa şüşənin işıqburaxma qabiliyyəti sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır.
Bu standartın tələbləri nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinə və qabaq qapıların şüşələrinə bütün hallarda, örtüklərin çəkilmədiyi halda isə digər şüşələrə də tətbiq edilə bilər.