Texniki baxış
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən NV-yə aşağıdakı müddətlərdə texniki baxış keçirilir:
I
Hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan A1 və B1 altkateqoriyalarına, habelə A və B kateqoriyalarına aid bütün tipli, markalı və modelli mexaniki NV-yə, onların qoşqularına (buraya aid deyil: - Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və digər birləşmələrə məxsus olan NV; - yarış məqsədli idman NV; - təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan NV-yə):
istehsal olunduqları vaxtdan 4 il keçdikdə – 2 ildə bir dəfə
Məsələn: 2015-ci ilin istehsalı olan avtomobil 2020-ci ildə texniki baxışdan keçməlidir, 2016-cı ilin istehsalı - 2021-ci ildə, 2017-ci ilin istehsalı - 2022-ci ildə və s.
2015-ci ilin istehsalı olan avtomobil 2020-ci ildə texniki baxışdan keçəndən sonra, növbəti texniki baxışı 2022-ci ildə keçməlidir, daha sonra 2024-cü ildə və 2026-cı ildə.
istehsal olunduqları vaxtdan 10 il keçdikdə – ildə bir dəfə.
II
Avtobuslara (mikroavtobuslara), tramvaylara və trolleybuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, həmçinin təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan NV-yə, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən NV-yə, yarış məqsədli idman NV-yə ildə bir dəfə
Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən yuxarıda nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. NV-nin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur (maddə 339.1-1 – 50 manat məbləğində cərimə.)
Qeyd: NV-nin istehsal tarixi dedikdə onun istehsalçı zavad tərəfindən buraxıldığı, NV-nin müvafiq yerlərində, habelə NV-nin qeydiyyat şəhadətnaməsində qeyd edilən tarix nəzərdə tutulur. NV-nin əldə edilmə tarixi (dillerlərdən, şirkətdən, mağazadan və s. yerdən) istehsal tarixi hesab edilmir.
Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:
1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
3) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədi (maddə 18.65.1.1, 18.65.1.2 - avtonəqliyyat vasitələri üçün rüsum 30 manat, digər NV-lər üçün isə 15 manat müəyyən edilmişdir.)
Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir
Yuxarıda I başlıq altında qeyd edilən NV texniki baxışdan keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi vasitəsilə həmin NV-nin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə NV-nin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. NV növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək NV-nin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.
Yuxarıda II başlıq altında qeyd edilən NV-də “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.
Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.
Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.