
İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 73
Hər kəsin səhv yazdığı o çətin suallar? Artıq problem deyil! DDA-nın yeni test kitabındakı ən qəliz situasiyaların detallı izahlarını tapdınız.
Əziz gələcək sürücülər!
Bilirik ki, sürücülük imtahanına hazırlaşarkən qarşınıza elə suallar çıxır ki, qaydanı bilsəniz belə, məntiqini tutmaq çətin olur. Test kitabımızın son bölməsindəki o "şifrəli" və ən çox çaşqınlıq yaradan sualları məhz buna görə ayrıca qruplaşdırdıq.
Hələ də test kitabımızı əldə etməmisinizsə, imtahanı ilk cəhddən keçmək üçün tam versiyanı aşağıdakı linkdən sifariş edə bilərsiniz.
Özünüzü Xüsusi imtahan proqramında test etmək istəsəniz: XÜSUSİ İMTAHAN PROQRAMI
BİLET № 73
1. | Sualın şərtindən görünür ki, yolayrıcı nizamlanandır. Əgər hərəkət növbəliyi yalnız svetoforun siqnalları ilə tənzimlənirsə, hərəkətə icazə verən siqnal yandıqda nişanların heç biri sağa dönməyi qadağan etmir. Əgər belə yolayrıcında svetoforun qadağan siqnalı yanarsa, onda yalnız 3-cü nişan – 5.53 “Daimi sağa dönmə” yol nişanı sağa dönməyə icazə verir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn NV-yə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir (m.76.II). Əgər belə yolayrıcında hərəkət növbəliyi nizamlayıcının siqnalları ilə tənzimlənərsə, onda 5.53 “Daimi sağa dönmə” nişanı ilə müəyyən edilmiş qayda qüvvədən düşür. Bu halda sürücülər nizamlayıcının siqnallarını əsas tutub hərəkət etməlidirlər (m.60.V). Cavab-5. |
2. | Sual qısa və sadə görünsə də, çətinlik dərəcəsinə görə “üçmərtəbəlidir”. Yol nişanları göstərir ki, hər iki şəkildə avtomobil yaşayış məntəqəsinin ərazisində geriyə dönür, qarşıda piyada keçidi vardır. Sualın şərtində deyilir ki, qarşıdakı döngəyə görə piyada keçidi görünmür. Yaşayış məntəqəsində xəbərdarlıq nişanı təhlükəli sahədən 100 m qabaqda qoyulur (m.62.III). Əgər piyada keçidi görünmürsə, deməli həmin döngəyə görə yolun bir istiqamətdə görünmə məsafəsi 100 m-dən azdır. Belə yerlərdə isə geriyə dömək qadağandır (m.42.XII). Əksər sürücülər trayektoriyaları araşdırarkən, iti düşüncəlilər bu 100 m məsələsinə görə “Hər biri üzrə” cavabını seçir. Cavab-5. |
3. | Yükün NV-də daşınması zamanı onun qabaritlərdən kənara çıxmasına müəyyən həddə qədər icazə verilir. Lakin bu həddi aşdıqda yük xüsusi qaydada işarələnməlidir. Yol hərəkəti qaydalarına əsasən, yük: NV-nin qabaq və arxa qabarit işıqlarının xarici kənarından 1 metrdən çox, yaxud yan tərəfdən 40 santimetrdən çox kənara çıxarsa, o, “İriqabaritli yük” tanınma nişanı ilə işarələnməlidir. Deməli, bu nişanı quraşdırmamaq üçün yük: qabaq və arxa tərəfdən ən çox 1 metr, yan tərəfdən isə ən çox 40 santimetr qırağa çıxa bilər.Bu ölçülər aşılmadıqda “İriqabaritli yük” tanınma nişanının quraşdırılması tələb olunmur (m.57.V). Cavab-3. |
4. | Şəkildə nizamlayıcının iki müxtəlif siqnalı göstərilmişdir. Şəkildəki 2-ci siqnal nizamlayıcının sinə və arxa tərəfindən gələn NV-nin hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz NV-nin düzünə və sağa hərəkət etməsinə icazə verir. Bu halda yük avtomobilinin sürücüsü sağa dönə bilər, lakin sağda hərəkət hissəsi ilə eyni səviyyədə yerləşən tramvay yolunda düz istiqamətdə gedən tramvay olduqda, onun hərəkət trayektoriyası tramvayın hərəkət trayektoriyası ilə kəsişə bilər. Şəkildəki 1-ci siqnal nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz NV-yə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn NV-yə sağa dönməyə, sağ və arxa tərəfindən gələn NV-nin hərəkətini isə qadağan edir. Bu halda da yük avtomobilinin sürücüsü sağa dönə bilər. Lakin sağda hərəkət hissəsi ilə eyni səviyyədə yerləşən və yalnız düz istiqamətli olan tramvay yolunda tramvay olarsa, o, bu siqnalda hərəkətini davam etdirə bilməz. Çünki siqnal yalnız sola dönməyə icazə verir, amma tramvay yolu düz istiqamətdədir. Deməli, sağa dönməyə icazə verən və eyni zamanda digər NV-nin hərəkət trayektoriyaları ilə kəsişmənin mümkün olduğunu bildirən siqnal yalnız 2-ci nizamlayıcıya aiddir (m.58.II). Cavab-2. |
5. | Sualdan bəllidir ki, üç hərəkət zolaqlı birtərəfli yolda sağ kənar hərəkət zolağı ÜİONV üçün nəzərdə tutulmuşdur, bu hərəkət zolağı sol zolaqdan qırıq-qırıq nişanlanma xətti ilə ayrılmışdır. Qaydalara görə, ÜİONV üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər NV-nin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, NV dönərkən bu zolağa keçə bələr. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ÜİONV üçün maneə yaratmamalıdır (m.48.IV). Fərdi minik avtomobilinin sürücüsünə cavablarda sadalanan variantlardan yalnız 4-cüdə, yəni yaxındakı marketdə alış-veriş etmək üçün yolun sol hərəkət zolağında durmağa icazə verilir. Digər variantlar ÜİONV üçün nəzərdə tutulmuş zolaqda hərəkət qaydalarına ziddir. Cavab-4. |
6. | Siz eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında geriyədönmə manevri yerinə yetirmək istəyirsiniz. Eyni zamanda kəsişən yolun həm sağından, həm də solundan digər avtomobillər yolayrıcına daxil olur və onların hərəkət trayektoriyaları sizin trayektoriyanızla kəsişir. Yol hərəkəti qaydalarına görə, eyni əhəmiyyətli yolların kəsişməsində sürücü sağdan yaxınlaşan NV-yə yol verməlidir; geriyədönmə manevri edən sürücü isə manevrin təhlükəsizliyini təmin etməli və trayektoriyası kəsişən NV-yə mane olmamalıdır. Bu vəziyyətdə, sağdan yaxınlaşan avtomobil sizin üçün “sağ maneə”dir; soldan yaxınlaşan avtomobil isə geriyədönmə zamanı onun hərəkət yolu ilə kəsişdiyinizə görə üstünlüyə malik olur. Deməli, manevri təhlükəsiz başa çatdırmaq üçün hər iki avtomobilə yol vermək lazımdır (m.77.III). Cavab-3. |
7. | Yolun kənarında 5.1 “Avtomagistral” və ya 5.3 “Avtomobillər üçün yol” yol nişanlarının olmaması bu yolun yaşayış məntəqəsindən kənarda yerləşən digər yol statusuna aid olduğunu bildirir. Sualın şərtində və cavablarda həm avtobusa, həm də 3-cü hərəkət zolağında olan avtomobilə aydınlıq gətirilmişdir. Belə yolda, minik avtomobilləri - saatda 90 kilometrdən çox olmayan sürətlə, şəhərlərarası sayılmayan digər avtobuslar və yedəyində qoşqu aparan minik avtomobilləri - saatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər (m.50.II). Beləliklə, 1, 3 və 4-cü hərəkət zolaqlarında hərəkət edən avtomobillərin sürücüləri onlar üçün təyin olunmuş sürət həddini pozurlar. Cavab-5. |
8. | “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malik və bir ildən artıq sürücülük təcrübəsi olan sürücünün sadalanan hərəkətləri yerinə yetirməsinə qanunvericiliklə icazə verilir. Belə ki: sürücülük stajı bir ildən çox olduqda yedəyəalan NV-ni idarə edə bilər (m.55.V); minik avtomobilində və ya yük avtomobilində qanunvericiliklə müəyyən edilmiş qaydada sərnişin daşıya bilər (m.56.I, IX); avtomagistralın və “Avtomobillər üçün yol” nişanı ilə işarələnmiş yolun 1-ci və 2-ci hərəkət zolaqlarında hərəkət edə bilər (m.43.I,II); qoşqu ilə hərəkət edərkən avtomagistralda saatda 90 km-dək sürətlə hərəkət etməsinə icazə verilir (m.50.II). Sadalanan hərəkətlərin heç biri “BC” kateqoriyalı və bir ildən artıq sürücülük təcrübəsi olan sürücü üçün qadağan olunmamışdır. Cavab-4. |
9. | Duman faraları görünmənin kifayət qədər olmadığı şəraitdə NV-nin daha yaxşı görünməsi və yolun daha effektiv işıqlandırılması üçün istifadə olunur. Yol hərəkəti qaydalarına əsasən, duman faraları həm ayrıca, həm də faraların yaxın və ya uzaq işıqları ilə birlikdə məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər (m.73.V-I). Məhdudiyyətli görünmə şəraiti dedikdə duman, yağış, qar və digər hava şəraiti ilə bağlı səbəblərdən yolun 300 metrdən az məsafədə görünməsi başa düşülür (m.1.42). Verilən variantlarda: 2-ci cavabda yağış səbəbindən görünmə məsafəsi 250 metrdir, yəni məhdudiyyətli görünmə şəraiti mövcuddur. Buna görə duman faralarının istifadəsinə icazə verilir. 1-ci cavabda görünmənin məhdudlaşması hava şəraiti ilə deyil, yolun döngəli olması ilə əlaqədardır. Bu, məhdudiyyətli görünmə şəraiti hesab edilmir. 3 və 4-cü cavabda yol süni işıqlandırılmışdır və duman faralarının istifadəsi üçün əsas yoxdur. Cavab-2. |
10. | 14 dərəcəli sərt eniş yol nişanı (1.13) sürücünü qarşıda təhlükəli eniş sahəsinin olması barədə xəbərdar edir. Belə sahələrdə, xüsusilə tam yüklü yük avtomobillərində idarəetmə çətinləşir, tormozlamada problem yarana bilər, qarşılıqlı keçmə zamanı təhlükə artır. Yol hərəkəti qaydalarına əsasən, sərt enişli sahələrdə qarşılıqlı keçmə çətinləşdikdə üstünlük adətən enişlə hərəkət edən NV-yə deyil, yoxuşla hərəkət edən NV-yə verilir. Buna görə də enişlə hərəkət edən sürücü lazım gəldikdə yol verməyə hazır olmalıdır (m.51.VII). Digər variantlar yanlışdır, belə ki, sualda ötmə ilə bağlı xüsusi vəziyyət göstərilməyib, enişin sonunda ötmənin qadağan olunması bu şəraitdə əsas tələb deyil. Deməli, sürücü nəzərə almalıdır ki, əks-hərəkət zolağında maneənin olması səbəbindən qarşılıqlı keçmə çətinləşdiyi halda yol vermək lazım ola bilər. Cavab-1. |
11. | Dayanmanın qadağan edildiyi yerdə NV məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanma işıq siqnalını yandırmalı və ya qəza dayanma nişanını quraşdırmalıdır. Əgər NV qəza dayanma işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər NV-nin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, NV-dən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan NV-nin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, bu fənər daha yaxın məsafədə və ya bilavasitə NV-nin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan NV-nin sürücüləri onu görə bilsin (m.55.II - IV). Cavab-1. |
12. | Sualın şərtindən və şəkildəki nişandan bəlli olur ki, bitişik ərazidə yeməkxana vardır və bu ərazidə NV-nin parklanması üçün yer yoxdur. Əgər bu və ya digər səbəbdən sürücülər avtomobilləri yolda saxlayıb yeməkxanaya gedəcəklərsə, bu NV durması hesab ediləcək. Yolun hər iki tərəfində yol çiyni olduğundan və bitişik əraziyə giriş yeri yolayrıcı sayılmadığından, yol hərəkəti qaydalarına görə, göstərilən yerlərdə dayanma və durma qadağan deyil (m.52.IV; m.1.11). Əksər oxucular “100 m” məsələsinə görə qərarlarını qarışdırırlar. Əgər təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin (eniş, yoxuş) yaxınlığında yolun hər hansı bir istiqamətində görünmə məsafəsi 100 metrdən az olarsa, onda hərəkət hissəsində dayanma qadağandır (m.52.IV). Deməli, yolun görünmə məsafəsindən asılı olmayaraq, hər iki sürücü öz avtomobillərini göstərilən yerlərdə dayandıra bilərlər. Cavab-3. |
13. | Qadağan nişanlarının qüvvədə olduğu sahə bir neçə üsulla azaldıla bilər. Bu üsullardan biri də əlavə məlumat lövhəciklərini tətbiq etməkdir. Şəkildə göstərilən 7.2.1 “Qüvvədəolma zonası” lövhəciyini tətbiq etməklə 3.16, 3.26, 3.20, 3.22, 3.24 nişanlarının qüvvədə olduğu sahəni azaltmaq mümkündür. Lakin 3.27-3.30 nişanlarının qüvvədə olduğu sahənin azaldılması və ya konkretləşdirilməsi üçün 7.2.2, 7.2.3 və 7.2.4 lövhəcikləri tətbiq edilir (m.64.VIII). Bu baxımdan 7.2.1 “Qüvvədəolma zonası” lövhəciyi 5-ci nişanla tətbiq olunmur. 1-ci nişan – “Mexaniki NV-nin hərəkəti qadağandır” nişanı aid olduğu yol sahəsinin başlanğıcında quraşdırılır və müvafiq NV-nin hər iki istiqamətdə hərəkətini qadağan edir. Nişanın təsir sahəsinə NV daxil olmadığına görə 7.2.1 “Qüvvədəolma zonası” lövhəciyi tətbiq edilmir. Beləliklə, şəkildə göstərilən əlavə məlumat lövhəciyi 2, 3 və 4-cü yol nişanlarının qüvvədə olduğu sahəsini azaltmaq məqsədilə tətbiq edilə bilər. Cavab-1. |
14. | Nizamlanmayan eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relsli NV (tramvaylar) relssiz NV üzərində üstünlüyə malikdir. Yol hərəkəti qaydalarına görə, belə yolayrıcında relssiz NV-nin sürücüsü sağa, sola və ya düz hərəkət etməsindən asılı olmayaraq, digər istiqamətlərdən yaxınlaşan bütün relsli NV-yə (tramvaylara) yol verməlidir. Bu qayda tramvayın düz hərəkət etməsinə, sola dönməsinə, sağa dönməsinə eyni dərəcədə şamil olunur (m.77.III). Deməli, sağa dönən avtomobilin sürücüsü digər istiqamətlərdən gələn bütün relsli NV-yə yol verməlidir. Cavablarda qeyd edilən digər variantlar yanlışdır. Cavab-3. |
15. | Baş yolda üç avtomobilin olduğu göstərilir. Belə yerdə relssiz NV-nin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən NV-yə yol verməlidir (m.77.IV). Bu qaydaya əsasən, A avtomobilinin sürücüsü C avtomobilinə yol verib sonra sola dönür. A avtomobilinin sürücüsü yol verərkən vəziyyətdən asılı olaraq olduğu yerdə və ya hərəkət hissələrinin kəsişməsində dayana bilər. Bu, 1.25 nişanlanmasının tələbinin pozulması sayılmayacaq (m.75.II). C avtomobilinin sürücüsü yolayrıcına daxil olduqdan sonra eyni hərəkəti edəcəkdir, yəni o, D avtomobilinə yol verib sonra sola dönəcəkdir. Cavab-2. |
16. | Sual çətindir. Lakin düzgün yanaşma qısa zamanda cavabı tapmağa imkan verir. Biz “?” işarəsi yerinə göstərilən nizamlayıcı siqnallarını bir-bir qoymaqla qırmızı rəngli avtomobilin ox üzrə getməsinin icazəli olub-olmamasını dəqiqləşdirməliyik. Burada əsas odur ki, nizamlayıcının siqnallarının mənasını bilək. İstisna metodundan istifadə edək: “?” işarəsi yerində 3-cü və ya 5-ci nizamlayıcı durarsa, qırmızı rəngli avtomobilin hərəkəti qadağan ediləcək, onun sürücüsü dayanmalı və digər siqnalı gözləməlidir. 1-ci nizamlayıcı düz istiqamətdə getməyə və sağa dönməyə icazə verdiyindən, yenə də sürücüsü dayanmalı və digər siqnalı gözləməlidir. 4-cü nizamlayıcı yalnız sağa dönməyə icazə verdiyindən, yenə də sürücüsü dayanmalı və digər siqnalı gözləməlidir. 2-ci nizamlayıcı isə bütün istiqamətlərdə, o cümlədən sala dönməyə icazə verdiyindən, qırmızı rəngli avtomobilin sürücüsü ox üzrə hərəkətini davam etdirə bilər (m.58.II). Cavab-5. |
17. | Bu sualda da istisna üsulundan istifadə edək: 2-ci və 5-ci şəkillərdə göstərilən siqnallar hərəkəti qadağan edir. 1-ci nişamlayıcının verdiy siqnal bizə düzünə getməyə və sağa dönməyə, 4-cü nişamlayıcının verdiy siqnal bütün istiqamətlərdə hərəkəti davam etdirməyə, 3-cü nişamlayıcının verdiy siqnal isə yalnız sağa dönməyə icazə verir. Deməli, 1, 3 və 4-cü siqnallar bizə sağa dönməyə icazə verir. İndi trayektoriyaların kəsişməsi məsələsinə baxaq. 1-ci siqnalda qarşı tərəfdən gələn NV-lərə də düzünə getməyə və sağa dönməyə icazə verildiyindən, bizim və onların hərəkət trayektoriyalarımız kəsişmir. 4-cü nişamlayıcının verdiy siqnal bizə sağa dönməyə icazə verir, lakin həmin istiqamətdə digər NV-nin hərəkəti qadağan edildiyindən, hərəkət trayektoriyalarının kəsişməsi mümkünsüzdür. 3-cü nişamlayıcının verdiy siqnal bizə sağa dönməyə, sağdan gələn relssiz NV-yə isə həm də geriyə dönməyə icazə verir. Belə olan halda hərəkət trayektoriyalarının kəsişməsi mümkündür. Beləliklə, 1, 3 və 4-cü siqnallar hərəkəti davam etdirməyə icazə verir, lakin onlardan yalnız 3-cü siqnal həm də kəsişmənin mümkün olduğunu bildirir (m.58.II). Cavab-2. |
18. | Dəmir yolu keçidlərində keçid növbətçisinin verdiyi siqnallar NV-nin hərəkətinə icazə verilməsi və ya qadağan olunması barədə məlumat verir. Keçid növbətçisi əlində qırmızı fənəri başı üzərində tutaraq, kürəyi və ya sinəsi sürücüyə tərəf dayanarsa, bu, NV-nin dəmir yolu keçidinə daxil olmasının qadağan edildiyini bildirir (m.44.III). Qırmızı fənər təhlükə və dayanma siqnalıdır. Bu siqnal verildikdə sürücülər keçidə daxil olmamalı və qatarın keçməsini gözləməlidirlər. Digər variantlarda göstərilən vəziyyətlər keçid növbətçisinin hərəkətinə dair müəyyən elementlər təsvir etsə də, dəmir yolu keçidinə daxil olmağın qadağan edildiyini birbaşa ifadə edən standart siqnal deyil. Cavab-1. |
19. | Dəmir yolu keçidində NV məcburi dayanarsa və sürücü tək olduğu halda keçidi boşaltmaq üçün gördüyü tədbirlər nəticə verməzsə, o, qatarın yaxınlaşması nəticəsində yarana biləcək təhlükənin qarşısını almaq üçün əlavə tədbirlər görməlidir. Yol hərəkəti qaydalarına əsasən sürücü: əvvəlcə ümumi həyəcan siqnalları verməli, yəni ətrafdakı şəxslərin diqqətini təhlükəyə cəlb etməlidir; qatar göründükdə isə ona doğru hərəkət edərək maşinistə dayanma siqnalı verməlidir (m.44.V). Bu tədbirlərin məqsədi maşinisti mümkün qədər tez xəbərdar etmək və qatarın sürətini azaltmasına və ya dayanmasına imkan yaratmaqdır. Digər variantlar yanlışdır: yalnız səs siqnalı vermək kifayət deyil; keçiddən uzaqlaşmaq təhlükəni aradan qaldırmır; yalnız dəmir yolunun bir tərəfinə nəzarət etmək qaydalara uyğun deyil. Deməli, sürücü ümumi həyəcan siqnalları verməli və qatar görünən kimi ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir. Cavab-4. |
20. | Sual inzibati məsuliyyətin ağırlığını müqayisə etməyi tələb edir. Sadalanan halların hamısı dayanma və ya durma qaydalarının pozulması hesab olunsa da, onların hüquqi nəticələri eyni deyil. 5.12 “Avtobusun və ya trolleybusun dayanacaq yeri” nişanından 15 metrdən az məsafədə dayanmaq ÜİONV-nin dayanacağa daxil olmasına, sərnişinlərin minib-düşməsinə və digər ÜİONV-nin hərəkətinə maneə yaradır. Buna görə də bu pozuntu daha ciddi inzibati məsuliyyət yaradır (İXM 346.2 -40 manat + 2 bal). Digər variantlar nisbətən yüngül məsuliyyət yaradır: ÜİONV-nin dayanacaq meydançasına (yəni sarı ziqzaq şəkilli nişanlanma xəttinə) 15 metrdən az yaxınlıqda durduğuna görə - (İXM 346.1 - 20 manat); ikitərəfli yolun sol tərəfində durduğuna görə - (İXM 346.1 - 20 manat). Avtomobilin yolayrıcına 5 metr qalmış (bu 5 m-dən yaxın demək deyil) durması qayda pozuntusu hesab edilmədiyindən, məsuliyyət yaratmır. 1-ci və 3-cü cavablar oxunuş baxımından oxşar olsalar da, mahiyyətcə fərqlidirlər. Cavab-3. |
© 2026 DDA MMC. Bütün hüquqlar qorunur. Saytdakı test izahlarının və materialların icazəsiz kopyalanması və ya paylaşılması qadağandır.
Digər Maraqlı Yazılar

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 78

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 77

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 76

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 75

