
İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 74
Hər kəsin səhv yazdığı o çətin suallar? Artıq problem deyil! DDA-nın yeni test kitabındakı ən qəliz situasiyaların detallı izahlarını tapdınız.
Əziz gələcək sürücülər!
Bilirik ki, sürücülük imtahanına hazırlaşarkən qarşınıza elə suallar çıxır ki, qaydanı bilsəniz belə, məntiqini tutmaq çətin olur. Test kitabımızın son bölməsindəki o "şifrəli" və ən çox çaşqınlıq yaradan sualları məhz buna görə ayrıca qruplaşdırdıq.
Hələ də test kitabımızı əldə etməmisinizsə, imtahanı ilk cəhddən keçmək üçün tam versiyanı aşağıdakı linkdən sifariş edə bilərsiniz.
Özünüzü Xüsusi imtahan proqramında test etmək istəsəniz: XÜSUSİ İMTAHAN PROQRAMI
BİLET № 74
1. | NV-nin hərəkət ardıcıllığını müəyyən etmək üçün şəraiti qiymətləndirək. Yol nişanlarından bəlli olur ki, C və B avtomobilləri, habelə 2№-li tramvay baş yolda, digər NV-lər isə ikinci dərəcəli yoldadır. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən NV-nin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan NV-yə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir (m.77.I). Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını (“sağdan maneə” prinsipini) əsas tutmalıdırlar (m.77.II). Bu qaydalara görə 2№-li tramvay və B avtomobili eyni zamanda yolayrıcını keçir. Daha sonra trayektoriyaları kəsişən NV-dən 1№-li tramvay və D avtomobilinin sürücüləri C avtomobilinə yol verirlər. Bu zaman C avtomobili yolayrıcını keçir və onunla eyni zamanda A avtomobili də hərəkətini davam etdirə bilir. C avtomobili yolayrıcının mərkəzini keçdikdən sonra 1№-li tramvay, ondan sonra isə D avtomobili yolayrıcını keçir. Cavab-2. |
2. | Qadağan nişanlarından 3.2-3.9, 3.34 və 3.35 nişanları müəyyən növ NV-nin yolun müəyyən hissəsində hərəkətini ümumiyyətlə qadağan edir. Buna görə də bu nişanların təsiri yalnız bir istiqamətə deyil, hər iki istiqamətdə hərəkətə şamil olunur (m.64.IV). Bu nişanlar şamil edildikləri yol sahəsinin bütün girişlərində quraşdırılır. Şəkildə göstərilən yol nişanlarından 2-ci – 3.9 “Velosipeddə hərəkət qadağandır”, 4-cü – 3.4 “Yük avtomobillərinin hərəkəti qadağandır” və 5-ci – 3.34 “Təhlükəli yükü olan NV-nin hərəkəti qadağandır” yol nişanları bu siyahıya daxildir. Digər iki nişanla (yəni 1ci və 3-cü) bağlı belə bir tələb yoxdur. Cavab-3. |
3. | Sualın şərtindən məlum olur ki, ayırıcı zolaqların olması səbəbindən yolların hər birində iki hərəkət hissəsi vardır və onların əmələ gətirdiyi yolayrıcında hərəkət hissələrinin 4 kəsişməsi yaranır. Bunu təsəvvür etməklə sualı daha asan şəkildə cavablandırmaq olar. Şəkildə göstərilən 3-cü nişan istisna olmaqla digər nişanlar qarşısında quraşdırıldıqları hərəkət hissələri kəsişməsində hərəktin icazə verilmiş və ya qadağan olunmuş istiqamətləri barədə məlumat verir. Bu nişanlar yolayrıcındakı növbəti hərəkət hissələri kəsişməsində qüvvədən düşmüş hesab edilirlər (m.64.V; m.65.III,IV). Buradan belə alınır ki, 1-ci və 5-ci nişanlar yolayrıcının girişindəki birinci kəsişmədə sola və geriyə dönməyi qadağan etsələr də, ikinci kəsişmədə bunu qadağan etmirlər. 2-ci nişan yolayrıcının girişindəki birinci kəsişmədə sağa dönməyi, 4-cü nişan isə yalnız sola dönməyi qadağan edir. Şəkildəki 3-cü nişan yalnız yolun və NV-nin ustünlük statusunu təyin edir. Beləliklə, nişanların heç biri sözügedən yolayrıcında geriyə dönməyi qadağan etmir. Lakin belə yolayrıclarında elə dönmək lazımdır ki, NV hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin (m.42.VII). Cavab-1. |
4. | Bu mürəkkəb sualdır, lakin sualın şərtini fikrində canlandıran hər kəs buna rahat cavab verə bilər. İstisna üsulundan istifadə edək: 1-ci və 3-cü şəkillərdə göstərilən siqnallar hərəkəti qadağan edir və biz onları kənarlaşdırırıq. 2-ci nişamlayıcının verdiy siqnal bizə düzünə getməyə və sağa dönməyə, 4-cü nişamlayıcının verdiy siqnal bütün istiqamətlərdə hərəkəti davam etdirməyə, 5-ci nişamlayıcının verdiy siqnal isə yalnız sağa dönməyə icazə verir. Deməli, 2, 4 və 5-ci siqnallar bizə hərəkəti davam etdirməyə icazə verir. İndi trayektoriyaların kəsişməsi məsələsinə baxaq. 2-ci siqnalda qarşı tərəfdən gələn NV-lərə də düzünə getməyə və sağa dönməyə icazə verildiyindən, bizim və onların hərəkət trayektoriyalarımız kəsişmir. 4-cü nişamlayıcının verdiy siqnal bizə geriyə dönməyə icazə verir, eyni zamanda bu siqnal bizə nisbətən sol tərəfdən gələn NV-yə sağa dönməyə icazə verir. Belə olan halda hərəkət trayektoriyalarının kəsişmsi mümkündür. 5-ci nişamlayıcının verdiy siqnal da analoji vəziyyəti yaradır. 2, 4 və 5-ci siqnallar hərəkəti davam etdirməyə icazə verir, 4 və 5-ci siqnallar isə kəsişmənin mümkün olduğunu bildirir. Cavab-1. |
5. | Şəkildə sarı rəngli minik avtomobilinin iştirakı ilə ötmə göstərilib. Nişanlara diqqət yetirək: 3.20 “Ötmə qadağandır” yol nişanının əlavə məlumat lövhəciyi ilə birgə quraşdırılması bildirir ki, 200 m məsafədən sonra ötmənin qadağan olduğu yol sahəsi başlayacaq. Həmin yol sahəsində ötmə qadağandır, lakin oraya kimi ötməyə icazə verilir. İkinci nişan kompozisiyası bildirir ki, yola sağdan bitişik olan ərazidə yanacaqdoldurma məntəqəsi vardır və yolun bu hissəsi yolayrıcı deyil. Növbəti nişan yaşayış məntəqəsinin başlanğıcını bildirir. Qaydalara görə ötmənin sonunda sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn NV üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər (m.51.III). Beləliklə, sarı rəngli minik avtomobilinin sürücüsü ötməni göstərilən trayektoriyaların hər biri üzrə icra edə bilər, hətta ikinci ötmədən sonra A üzrə hərəkətini davam etdirə bilər, belə ki, yaşayış məntəqəsində bu, qadağan deyl. Cavab-5. |
6. | Yol hərəkəti qaydalarına görə, nasaz NV-ni yedəyində aparan avtomobil hərəkət zamanı xarici işıq cihazlarından elə istifadə etməlidir ki, onun görünməsi və hərəkət təhlükəsizliyi təmin olunsun. Yedəyə alan NV-də sutkanın işıqlı vaxtı faraların yaxın işıqları və ya duman faraları yandırılmalıdır. Faraların yaxın işıqları ilə duman faralarının eyni vaxtda istifadəsinə sutkanın qaranlıq vaxtında işıqlandırılmayan yollarda, sutkanın qaranlıq vaxtında süni işıqlandırması işləməyən tunellərdə, habelə məhdudiyyətli görünmə şəraitində icazə verilir (m.73.III, V, V-I). Bu hallarda duman faraları yaxın işıqlarla birlikdə yolu daha yaxşı işıqlandırır, NV-nin görünməsini artırır və yedəyəalma zamanı hərəkətin təhlükəsizliyini yüksəldir. Deməli, sadalanan hər iki halda faraların yaxın işıqları və duman faralarını eyni vaxtda yandırmaq mümkündür. Cavab-3. |
7. | Şəkildə dördtəkərli mexaniki NV göstərilib. Bunun yüngül kvadrisikl və ya kvadrisikl olması çoxlarını çaşdırır. Fərq nədədir? Müqayisənin aparılması üçün sualda maksimal effektiv güc olaraq 14 kVt qeyd edilib. Yüngül kvadrisikllər, adından göründüyü kimi nisbətən kiçik olur və onların mühərrikinin maksimal effektiv gücü 4 kVt-dan çox olmur. Kvadrisikllərda isə mühərrikin maksimal effektiv gücü 4 kVt-dan çoxdur, lakin 15 kVt-dan çox deyil. Beləliklə, şəkildə göstərilən NV kvadrisikldır və onu idarə etmək hüququ qazanmaq üçün “B” kateqoriyalı və ya “B1” (altkateqoriyalı) sürücülük vəsiqəsi almaq lazımdır. Cavab-5. |
8. | Yolda tormozlama zolağının təchiz edilməsində məqsəd ondan ibarətdir ki, dönərək yoldan çıxmaq istəyən sürücülər intensiv hərəkət olan zolaqlarda sürəti azaldaraq ümumi axını ləngitməsinlər və maneəyə çevrilərək təhlükə yaratmasınlar. Qəbul olunmuş qaydaya görə (m.42.XI) sağa dönmək üçün hərəkət istiqamətini dəyişmədən işıq siqnalını yandırmalı, tormozlama zolağına yerdəyişmə etməli, həmin zolaqda sürəti azaltdıqdan sonra dönməlidir. Cavab-4. |
9. | Üç zolaqlı ikitərəfli yolda orta zolaq hərəkət istiqamətindən asılı olaraq ötmə, yandankeçmə və sola və ya geriyə dönmə manevrləri üçün istifadə edilir (m.49.III). Sağ zolaqda hərəkət edən sürücü sola və ya geriyə dönmək istədikdə bu manevri birbaşa sağ zolaqdan yerinə yetirə bilməz. Yol hərəkəti qaydalarına əsasən, sürücü: əvvəlcə arxadan onu ötən NV-nin olmadığından əmin olmalı, qarşıdan gələn NV-nin təhlükə yaratmadığını müəyyən etməli, sola dönmə işıq göstəricisini qoşmalı, daha sonra orta zolağa keçərək manevri oradan icra etməlidir. Bu tələb manevrin təhlükəsiz yerinə yetirilməsi və digər hərəkət iştirakçılarına maneə yaradılmaması məqsədini daşıyır. Digər variantlar yanlışdır. Cavab-3. |
10. | Texniki baxışdan keçirilməsi üçün ilk dəfə təqdim edilmiş fərdi minik avtomobilində YHHQ-nin 1 nömrəli Əlavəsində göstərilən nasazlıqların aşkar edilməsi, həmin avtomobilin dövlət texniki baxışından keçmiş hesab edilməsinə maneə yaratmır. Bu halda: avtomobilin sahibinə aşkar edilmiş nasazlıqlar barədə məlumat (bildiriş) verilir, həmin nasazlıqların aradan qaldırılması tövsiyə olunur, avtomobilin texniki baxışdan keçməsi barədə elektron talon rəsmiləşdirilir. Bu nasazlıqlar avtomobilin istismarının dərhal qadağan edilməsinə əsas vermədiyindən, texniki baxışın nəticəsi mənfi hesab edilmir və təkrar texniki baxış tələb olunmur. Avtomobil növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək avtomobilin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur (m.30.VIII). Digər variantlar yanlışdır. Yadda saxlamaq lazımdır ki, NV-nin texniki vəziyyətinə görə əsas cavabdehlik sürücünün üzərindədir. Sürücü NV-nin daimi saz və istismara yararlı vəziyyətdə olmasını təmin etməlidir. Cavab-1. |
11. | Əgər yol nişanları, nişanlama xətləri və qaydalarla dayanma (durma) qadağan edilməmişdirsə, NV-nin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına (durmasına) icazə verilir (m.52.I). Yaşayış məntəqələrindən kənarda yolların hərəkət hissəsində - NV-nin durması, ümumiyyətlə qadağandır (m.52.VI). Şəkildə, hər iki tərəfində yol çiyni olan yol sahələri göstərilib. Burada NV-nin durmasına yalnız yol çiynində icazə verilir. Durmuş avtomobillərin vəziyyətini təhlil etdikdə görürük ki, D və B avtomobilləri istisna olmaqla digər avtomobillər ya tam şəkildə, ya da qismən hərəkət hissəsində yerləşirlər və bununla da onların sürücüləri durma qaydalarını pozurlar. Cavab-5. |
12. | YHHQ-nin 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü NV-nin yanında olmadığı və həmin NV yol hərəkəti və piyadaların hərəkəti üçün maneə yaratdığı, habelə NV-nin parklanma yerində 24 saatdan artıq saxlanıldığı hallarda İXM-nin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edilir və NV-nin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin edilir. Cavab-4. |
13. | Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı növündən və formasından asılı olmayaraq yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir(m.57.II). Yük elə yerləşdirilməli və daşınmalıdır ki, YHHQ-nin 57-ci maddəsinin tələbləri pozulmasın. Əgər yükün yerləşdirilməsi və ya vəziyyəti müəyyən edilmiş tələblərə uyğun deyilsə, sürücü həmin çatışmazlığı aradan qaldırmalı, bu mümkün olmadıqda isə hərəkəti dayandırmalıdır. Cavab-5. |
14. | Şəkildə mürəkkəb yol şəraiti göstərilib və sualın qoyuluşu onu daha da çətinləşdirir. Lakin düzgün yanaşma qısa zamanda cavabı tapmağa imkan verir. Qırmızı rəngli avtomobilin yanındakı “?” işarəsi yerinə göstərilən nişanlardan eləsini qoymaq lazımdır ki, həmin avtomobilin sürücüsü yolayrıcını üçüncü keçsin. İstisna metodundan istifadə edək: “?” işarəsi yerinə 1-ci və ya 5-ci nişan qoyulsa, qırmızı rəngli avtomobilin sürücüsü kəsişən yoldakı avtomobillərə, habelə qarşıdan gələn avtomobilə yol verdikdən sonra yolayrıcını sonuncu keçəcəkdir. “?” işarəsi yerinə 4-cü nişan qoyulsa, həmin sürücü yolayrıcını ikinci keçəcəkdir. “?” işarəsi yerinə 3-cü nişan qoyulsa, baş yolda olan sarı rəngli avtomobil 1-ci, qara rəngli avtomobil isə 2-ci olaraq yolayrıcını keçəcək, qırmızı rəngli avtomobilin sürücüsü bu halda yolayrıcını 3-cü keçəcəkdir. “?” işarəsi yerinə 2-ci nişan qoyulsa, qırmızı rəngli avtomobilin sürücüsü baş yolda olan avtomobillərə, habelə özündən sağda - ikinci dərəcəli yoldakı qara avtomobilə yol verdikdən sonra yolayrıcını sonuncu keçəcəkdir. Beləliklə, yolayrıclarının keçilmə qaydalarına əsasən (m.77I-IV), “?” işarəsi yerinə yalnız 3-cü nişan qoyulduğu halda qırmızı rəngli avtomobilin sürücüsü bu halda yolayrıcını 3-cü keçəcəkdir. Cavab-1. |
15. | Şəkildə, nizamlayıcı bu siqnalı verdikdən sonra ox istiqamətində hərəkətə başlayan NV və piyada göstərilir. Nizamlayıcı bu siqnalı onun sol tərəfindən gələn avtomobillərə bütün istiqamətlərdə hərəkət etməyə, arxa tərəfindən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn NV-nin hərəkətini isə qadağan edir (m.58.II). Deməli, burada piyada, birinci hərəkət zolağından sola dönən avtomobilin sürücüsü və sağa dönən qırmızı rəngli avtomobilin sürücüsü qaydaları pozurlar. Birinci hərəkət zolağından sola dönən avtomobilin sürücüsü manevretmə qaydaların pozur, yəni o, birtərəfli yolda hərəkət etdiyini nəzərə alıb sol kənar zolağa keçib, sonra sola dönməli idi (m.42.VI). Cavab-3. |
16. | Bu yolayrıcında hərəkətin icazə verildiyi istiqamətlər svetoforların işıqlarındakı ox konturları və 1.18 nişanlanma xətləri ilə göstərilib. Hərəkətdə olan NV-nin qarşısında oxlar çəkilmişdir. 3-cü avtomobilin sürücüsü svetoforun əlavə bölməsinin sönmüş vəziyyətdə olmasına və əsas bölməsi üzərindəki oxlara məhəl qoymadan sağa döndüyünə, 1-ci avtomobilin sürücüsü isə olduğu zolaqdakı 1.18 nişanlanma xəttinin tələbinə əməl etmədən düz istiqamətdə getdiyinə görə yol hərəkəti qaydalarını pozurlar. Cavab-3. |
17. | Avtomobilin hərəkət istiqamətinə nəzərən yolun sağ tərəfində “Durmaq qadağandır”, əks istiqamətdə isə “Dayanmaq qadağandır” nişanları əlavə məlumat lövhəcikləri ilə birlikdə quraşdırılmışdır. Lövhəciklərə əsasən, hər iki nişan yalnız iş günlərində saat 09:00-dan 18:00-dək qüvvədədir. “Durmaq qadağandır” nişanı yalnız durmanı qadağan edir, dayanmanı isə qadağan etmir. Buna görə də onun təsir sahəsində avtomobilin dayanmasına günün istənilən vaxtında icazə verilir. “Dayanmaq qadağandır” nişanı isə qüvvədə olduğu müddətdə həm dayanmanı, həm də durmanı qadağan edir. Lakin nişanın qüvvədə olmadığı vaxtlarda, yəni iş günləri saat 18:00-dan növbəti gün saat 09:00-dək, eləcə də qeyri-iş günlərində həmin məhdudiyyət tətbiq edilmir. Beləliklə: “Dayanmaq qadağandır” nişanının təsir sahəsində avtomobillərin dayanmasına iş günləri saat 18:00-dan növbəti gün saat 09:00-dək və qeyri-iş günlərində icazə verilir; “Durmaq qadağandır” nişanının təsir sahəsində isə avtomobilin dayanmasına istənilən vaxt icazə verilir. Cavab-1. |
18. | Pnevmatik tormoz sistemi sıxılmış hava ilə işləyir. Bu sistemdə hava kompressoru mühərrikin işləməsi zamanı havanı sıxaraq xüsusi hava balonlarına vurur və tormoz sistemini işlək vəziyyətdə saxlayır. Kompressor sıradan çıxdıqda: sistemdə hava təzyiqi yaranmır və ya tədricən azalır, nəticədə tormoz sistemi normal işləyə bilmir, avtomobilin təhlükəsiz şəkildə tormozlanması mümkün olmur. Tormoz sistemi nasaz olan NV-nin adi qaydada, sərt və ya elastik yedəyəalma üsulu ilə daşınması təhlükəlidir. Buna görə belə avtomobil yalnız qismən yükləmə və ya tam yükləmə üsulu ilə daşınmalıdır. Cavab-1. |
19. | Bəzi dayanma və durma qaydaları pozuntularında NV mühafizə olunan duracağa aparılır (m.85.10). Məsələn, avtomobil fərdi parklanma talonu olmadan parklanma yerində bir sutkadan (24 saatdan) artıq saxlanıldıqda, dayanma və ya durma qaydalarını pozaraq piyadaların və ya NV-nin hərəkətinə maneə yaratdıqda. Bu hallarda pozuntu yalnız sənədləşdirilmir, həm də NV-nin xüsusi duracağa yerləşdirilməsi tədbiri görülə bilər. Lakin avtomobil “Əlilliyi olan şəxs” tanınma nişanı olmadan əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerində saxlanıldıqda inzibati xəta haqqında qərar tərtib edilir. Qeyd etmək lazımdır ki, əvvəllər həmin qərarın surətinin avtomobilin ön şüşəsinə qoyulması praktikası tətbiq edilirdi. Lakin qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra bu tələb ləğv edilmişdir. Hazırda qərarın ön şüşəyə qoyulması qanunvericilikdə nəzərdə tutulmur. Buna görə sualda verilən cavab variantları içərisində düzgün cavab 2-ci variantdır - əlilliyi olan şəxslər üçün ayrılmış yerdə qanunsuz parklanma zamanı inzibati xəta haqqında qərar tərtib edilir. Cavab-2. |
20. | Qış mövsümündə sürücünün görmə sahəsinin təmin edilməsi və şüşələrin buxarlanmasının, buz bağlamasının qarşısının alınması yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Buna görə də, şüşələrə havaüfürən sistemin işləməməsi, şüşəqızdırıcının işləməməsi NV-nin istismarının qadağan edilməsinə səbəb olan çatışmazlıqlar sırasına daxildir (Əlavə 1). Palçıqdan qoruyan fartuklar (palçıq qoruyucuları, "brızqoviklər") təkərlərin altından daş, palçıq, su və digər hissəciklərin ətrafa sıçramasının qarşısını almaq üçün nəzərdə tutulub. Onların olmaması qış və yağışlı hava şəraitində aşağıdakı təhlükələr yaradır: arxadan gələn NV-nin ön şüşəsinə palçıq və su sıçrayaraq görünməni pisləşdirir; daş və digər sərt hissəciklərin arxadakı NV-yə və piyadalara dəyməsi riskini artırır; yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərir. Məhz buna görə YHHQ-ya 1 saylı Əlavədə konstruksiyada nəzərdə tutulmuş palçıqdan qoruyan fartukların olmaması NV-nin istismarını qadağan edən nasazlıqlardan biri kimi göstərilmişdir. Lakin arxanı göstərən güzgülərin şüşəqızdırıcılarının işləməməsi NV-nin istismarını qadağan edən nasazlıq hesab edilmir. Bu qurğu sürücünün rahatlığını artırsa da, onun nasaz olması avtomobilin istismarına birbaşa qadağa yaratmır. Cavab-3. |
DİGƏR BİLETƏ KEÇİD ET (BİLET 75)
© 2026 DDA MMC. Bütün hüquqlar qorunur. Saytdakı test izahlarının və materialların icazəsiz kopyalanması və ya paylaşılması qadağandır.
Digər Maraqlı Yazılar

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 78

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 77

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 76

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 75

