
İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 75
Hər kəsin səhv yazdığı o çətin suallar? Artıq problem deyil! DDA-nın yeni test kitabındakı ən qəliz situasiyaların detallı izahlarını tapdınız.
Əziz gələcək sürücülər!
Bilirik ki, sürücülük imtahanına hazırlaşarkən qarşınıza elə suallar çıxır ki, qaydanı bilsəniz belə, məntiqini tutmaq çətin olur. Test kitabımızın son bölməsindəki o "şifrəli" və ən çox çaşqınlıq yaradan sualları məhz buna görə ayrıca qruplaşdırdıq.
Hələ də test kitabımızı əldə etməmisinizsə, imtahanı ilk cəhddən keçmək üçün tam versiyanı aşağıdakı linkdən sifariş edə bilərsiniz.
Özünüzü Xüsusi imtahan proqramında test etmək istəsəniz: XÜSUSİ İMTAHAN PROQRAMI
BİLET № 75
1. | 4.7 “Minimum sürətin məhdudlaşdırılması” (4-cü nişan) və 4.8 “Minimum sürətin məhdudlaşdırıldığı zonanaın qurtaracağı” (1-ci nişan) məcburi hərəkət istiqaməti nişanları qrupuna daxildir və adından göründüyü kimi 1-ci nişan yolda 4-cü nişanla müəyyən edilmiş minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağını bildirir (m.65). Digər nişanlar Qadağan nişanları qrupuna aiddir: 2-ci nişan – 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”, 5-ci nişan 3.25 “Maksimum sürətin məhdudlaşdırıldığı zonanaın qurtaracağı”, 3-cü nişan -3.31 “Bütün məhdudiyyətlər zonasının qurtaracağı”. 3.31 nişanı yalnız bəzi qadağan nişanlarının təsir sahələrinin bitdiyi yerdə quraşdırılır. 3.25 nişanı isə konkret olaraq 3.24 nişanı ilə müəyyən edilmiş maksimum sürətin məhdudlaşdırıldığı zonanaın qurtaracağını bildirir (m.65). Minimum və maksimum sürətlərlə əlaqəli nişanları onların rənginə görə də fərqləndirmək olar. Cavab-3. |
2. | 5.11.1 “Geriyədönmə yeri” nişanı yolayrıclarından kənarda geriyə dönmək üçün təchiz edilmiş yeri bildirir. Bu yerdə geriyə dönmək istəyən sürücü hərəkət etdiyi istiqamətdə hərəkət hissəsinin kənar sol tərəfinə keçməli, qarşıdan gələn NV-yə (olduğu halda həm də eyni istiqamətdə gedən travmaya) yol verməli və sonra dönməlidir. Yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ çiynindən) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn NV-yə yol verməlidir (m.42.IX). Belə yerlərdə orta zolaqlardan geriyə dönmək olduqca təhlükəlidir. Cavab-5. |
3. | Şəkildə yolun hər iki tərəfində “Dayanmaq qadağandır” yol nişanı və onların qüvvədəolma zonasını dəqiqləşdirən lövhəciklər quraşdırılmışdır. Şəkildə yolun sağ tərəfindəki aşağı istiqamətlənmiş ox şəkili olan 7.2.3 lövhəciyi bildirir ki, NV-nin dayanaması qadağandır - nişanın quraşdırıldığı yerə qədər. Amma nişandan sonra dayanmaq olar. Deməli, 4-də dayanma qadağandır, 3-də isə dayanmaya icazə verilir. Yolun sol tərəfindəki iki istiqamətli ox şəkili olan 7.2.4 lövhəciyi bildirir ki, həm nişandan əvvəl, həm də nişandan sonrakı yol sahəsində NV-nin dayanaması qadağandır. Deməli, 1-ci və 2-ci yerlərin hər ikisində dayanma qadağandır (m.64; m.68). Cavab-1. |
4. | Şəkildə yolayrıcı göstərilib. Avtomobilin olduğu yolun yolayrıcı qarşısında quraşdırılmış 4.1.2 “Sağa hərəkət” yol nişanı bildirir ki, yolayrıcına daxil olduqdan sonra yalnız sağa dönmək lazımdır (m.65.III). Əgər sürücü A və ya B trayektoriyası üzrə geriyə dönərsə, nişanın tələbini pozmuş olacaq. Digər yol üç hərəkət zolağı olan ikitərəfli hərəkət yoludur. Yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolaqdan manevrlərin icrası zamanı istifadə edilə bilər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir (m.49.III). Deməli, sürücü orta zolaqdan geriyə gönməli idi, lakin sağ kənar zolağından sola dönməklə o, qaydaları pozur. Şəkildə gördüyümüz digər yol nişanları bu şəraitdə manevrlərin icrasına təsir etmir. Cavab-4. |
5. | Qadağan nişanlarından 3.2 - 3.8 nişanları müvafiq NV-nin yolun hər iki istiqamətdə hərəkətini qadağan edir, lakin işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan NV-yə şamil edilmir. Belə hallarda, NV işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar (m.64.III,V). Şəkildə göstərilənlərdən 2-ci nişan – 3.1 “Giriş qadağandır” nişanı qeyd etdiyimiz nişanlar sırasında yoxdur. Deməli, bu nişan yolun girişində olduqda bildirir ki, burada hərəkət birtərəflidir və həmin yola daxil olmaqla ümumi axının əksinə doğru getmək qadağandır. Cavab-3. |
6. | NV-nin hərəkət sıxlığı və tıxacların olduğu yol sahələrində bu problemi aradan qaldırmaq üçün qarşılıqlı (reversiv) hərəkət təşkil edilir. Belə yol sahələrinin hər iki istiqamətində hərəkət intensivliyi həmişə yüksək olur. Bu baxımdan qarşılıqlı hərəkət təşkil olunmuş yolun yolayrıcıları arasındakı sahələrində NV-nin sola və yə geriyə dönməsi həm təhlükəsizlik, həm də tıxacların qarşısının alınması məqsədilə qadağan edilir. Qaydalara görə: reversiv svetoforlar yanarkən bir istiqamətdə hərəkətə icazə verilən, yəni eyni istiqamətli zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Bu o deməkdir ki, əks istiqamət üçün nəzərdə tutulmuş zolağa keçmək qadağandır; reversiv svetoforlar söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir; reversiv svetoforlar söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır (m.69.VII). Qarşılıqlı (reversiv) svetoforun oxşəkilli sarı siqnalının yanması qırmızı və yaşıl rəngli siqnalların dəyişəcəyi barədə məlumat verir. Oxşəkilli sarı siqnal yolun ortasındakı reversiv zolağa və ya hərəkət istiqamət üzrə yolun sağındakı zolağa keçməyin zəruriliyini bildirir. Beləliklə, yolun qarşılıqlı hərəkət təşkil olunmuş yolayrıcıları arasındakı sahəsində NV-yə sola və ya geriyə dönmək icazə verilmir. Cavab-4. |
7. | Taxoqraf, taxometr və taksometr terminləri oxşardır və sürücülər onları tez-tez qarışdırırlar. Taxoqraf – beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən NV-nin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin NV-də quraşdırılan elektron nəzarət cihazıdır (m.1.54, m.6). Taxometr - mühərrikin müxtəlif iş rejimlərində dirsəkli valın dövrlər sayını göstərən cihazıdır. Taxometr və spidometr (yəni qət edilən məsafəni və real vaxt rejimində hərəkət sürətini göstərən cihaz) sürücünün önündəki cihazlar panelində yanaşı yerləşdirilir. Taksometr - taksi minik avtomobilinin qət etdiyi məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən cihazdır. Cavab-1. |
8. | Əgər söhbət bort platformasından gedirsə, deməli bu, yük avtomobilinə aid sualdır. Yük avtomobilinin banı kabinə və bort platformasından ibarətdir. Banında adamlar daşınan yük avtomobillərini “C” kateqoriyalı (“C1” altkateqoriyalı) sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə icazə verilir. Bu kateqoriya (altkateqoriya) ilə kabinədəki sərnişinlər də daxil olmaqla 8 nəfərədək adam daşımağa icazə verilir. Sualda sərnişinlərin ümumi sayı 9-dur. Belə olan halda sürücülük vəsiqəsində əlavə “D” kateqoriyasının (“D1” altkateqoriyasının) aktiv olması tələb olunur (m.56.I). Cavab-2. |
9. | Sual çaşdırıcıdır. Bəzi sürücülər elə bilirlər ki, avtomobillər üçün təyin edilmiş maksimum sürət həddi, onların qoşqu apardıqları zamanı 20 km/saat az olmalıdır. YHHQ-nin 50-ci maddəsinin təhlilindən görünür ki, bu qayda yalnız minik avtomobillərinə aiddir. Avtomagistralda icazə verilmiş maksimum kütləsi 3500 kq-dən çox olan yük avtomobilləri həm qoşqu ilə, həm də qoşqusuz - saatda 90 km-dən çox olmayan sürətlə hərəkət edə bilər. İcazə verilmiş maksimum kütləsi 3500 kq-dən çox olmayan yük avtomobilləri isə (qoşqu ilə və ya qoşqusuz) saatda 110 km-dən çox olmayan sürətlə hərəkət edə bilər. Belə yollarda minik avtomobilləri qoşqu ilə hərəkət etdikləri halda, salonundakı sərnişinlərin sayından asılı olmayaraq, saatda 90 km-dən çox olmayan sürətlə hərəkət edə bilər. Deməli, cavablarda sadalanan avtoqatarların hər biri sualda qeyd edilən sürətlə hərəkət edə bilər və bu, YHHQ-nin tələblərinə zidd deyil. Qeyd: sürücü hərəkətin təhlükəsizliyinə təsir edə bilən bütün amilləri nəzərə almaqla, NV-ni müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan və təhlükəsizliyi təmin edən sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, NV-nin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cavab-4. |
10. | Şəkildə iki zolağı və iki hərəkət istiqaməti olan yol göstərilib. Belə yolda ötmənin sonunda sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır (m.51.III). Şəkildəki NV-lərin ara məsafəsinin kifayət qədər böyük olduğunu nəzərə alaraq ötən sürücü onları bir-bir ötməlidir. Əgər ötülən NV-lər arasındakı ara məsafəsi həddən az olarsa, yəni ötən NV-nin əvvəlki zolağa qayıtması mümkünsüz və ya təhlükəli olarsa, onda sürücü 2 və daha çox NV-ni bir dəfəyə ötə bilər. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn NV üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Cavab-1. |
11. | Piyadalar səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidirlər. Piyadalar yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə NV-nin hərəkəti istiqamətinə qarşı getməlidirlər. Lakin bu, bütün piyadalara aid deyil. Belə ki, əlilliyi olan şəxs üçün, açıq məkanda istifadə üçün nəzərdə tutulan mexaniki təkərli oturacaqlarda hərəkət edən, motosiklet, moped, kiçik elektrik NV və velosiped aparan şəxslər belə hallarda NV-nin hərəkəti istiqamətində getməlidirlər (m.40.I). Çünki bu NV-nin yolun bir tərəfindən digər tərəfinə keçirmək, lazım gəldikdə yolda hərəkət edən NV-dən daha aralı məsafəyə çəkmək həm çətin, həm də təhlükəlidir. Bundan əlavə, əlilliyi olan şəxs üçün oturacaqda, habelə motosiklet, moped, kiçik elektrik NV və velosipeddə təhlükəsizlik məqsədilə işıq cihazları və işıq əksetdiriciləri istifadə oluna bilər. Nəzərə almaq lazımdır ki, qeyd edilən NV-ni sürən şəxslər sürücü hesab edilir və onlar mütləq şəkildə hərəkəti istiqamətində getməlidirlər. Beləliklə, cavablarda sadalananlardan yalnız əlində çantası olan şəxs hərəkət istiqamətinə qarşı getməlidir. Cavab-2. |
12. | Avtomobilin hərəkət istiqamətinə nəzərən yolun sağ tərəfində “Durmaq qadağandır”, əks istiqamətdə isə “Dayanmaq qadağandır” yol nişanları və onlarla birlikdə əlavə məlumat lövhəcikləri quraşdırılmışdır. Bu nişanlar həftənin yalnız iş günlərində saat 9.00-dan 18.00-dək qüvvədə olur. Bunları nəzərə alaraq demək olar ki, saat 08.30-da nişanların heç biri qüvvədə olmur. Deməli, uşaqlarını məktəbə gətirmiş sürücü piyada keçidinə 5 metrdən yaxın olmamaq şərti ilə, nişanların hər birinin təsir sahəsində dayanıb onları düşürə bilər (m.52.IV). Yolun sol tərəfinə keçmək üçün o, qaydalara əməl etməklə icazə verilən yerdə geriyə dönməlidir. Cavab-4. |
13. | Sualın cavabı üçün yolayrıcındakı vəziyyəti düzgün təsəvvür etmək lazımdır. Fərz edək ki, siz minik avtomobili ilə nizamlanmayan yolayrıcına yaxınlaşırsınız. Eyni vaxtda sol tərəfinizdən bir yük avtomobili də həmin yolayrıcına yaxınlaşır. Siz onun sağ tərəfindəsiniz, o isə sizin sol tərəfinizdədir. Hərəkətinizi nişanların icazə verdiyi istiqamətdə davam etdirəcəksiniz. Əgər yolayrıcının qarşısında yalnız 1-ci nişan - 5.7.1 «Birtərəfli hərəkət yoluna çıxış» nişanı quraşdırılıbsa, bu halda hərəkət üstünlüyü «sağdan maneə» prinsipinə əsasən müəyyən edilir. Yük avtomobili sizin solunuzda olduğuna görə üstünlük sizdədir. Əgər yalnız 2-ci nişan - 2.2 «Baş yolun sonu» nişanı quraşdırılıbsa, bu o deməkdir ki, baş yol başa çatıb və siz artıq baş yolda hərəkət edən NV kimi üstünlüyə malik deyilsiniz. Lakin yolayrıcı eyni əhəmiyyətli yolların kəsişməsi hesab olunduğundan yenə də «sağdan maneə» prinsipinə görə üstünlük sizə məxsusdur. Əgər yalnız 3-cü və ya 5-ci nişan - 2.4 «Yol verin» və ya 2.5 «Dayanmadan keçmək qadağandır» nişanı quraşdırılıbsa, siz ikinci dərəcəli yoldasınız. Bu halda kəsişən yolla həm sağdan, həm də soldan yaxınlaşan NV-yə yol verməlisiniz. Əgər yalnız 4-cü nişan - 4.3 «Dairəvi hərəkət» nişanı quraşdırılıbsa, siz dairəvi hərəkətə daxil olursunuz. Bu zaman qanunvericiliyin tələbinə görə dairədə hərəkət edən NV-yə yol verməlisiniz. Deməli, soldan yaxınlaşan yük avtomobili üstünlüyə malikdir (m.42.XV). Beləliklə, bütün variantları təhlil etdikdə məlum olur ki, 1-ci və ya 2-ci nişan quraşdırıldıqda siz üstünlüyə mailk olursunuz, digərləri quraşdırıldıqda isə siz yol verməlisiniz (m.77.1–77.4; m.42.XV). Cavab: 4. |
14. | Sürücü yükü avtomobilə yükləyərkən və daşıyarkən onun kütləsinə, yerləşdirilməsinə, bərkidilməsinə və ümumi vəziyyətinə daim nəzarət etməlidir. Yük elə yerləşdirilməli və daşınmalıdır ki, YHHQ-nin 57-ci maddəsinin tələbləri pozulmasın. Əgər yükün yerləşdirilməsi və ya vəziyyəti müəyyən edilmiş tələblərə uyğun deyilsə, sürücü həmin çatışmazlığı aradan qaldırmalı, bu mümkün olmadıqda isə hərəkəti dayandırmalıdır. Yük avtomobilinin bort plotformasında yükü müşayiət edən şəxslərin daşınması qadağan edilmir (m.56.VI). Yük avtomobilin qabaritlərindən kənara çıxa bilər, lakin belə hallarda o, qanunvericiliyin tələblərinə uyğun şəkildə işarələnməlidir (m.57.V). Qanunvericilikdə yükün sərnişinlərin ətrafı görməsini məhdudlaşdırması və ya onların əl ilə verəcəyi siqnalların qəbul edilməsinə mane olması barədə birbaşa tələb nəzərdə tutulmamışdır. Lakin yük elə yerləşdirilməlidir ki, sürücünün ətrafı görmə imkanını məhdudlaşdırmasın və hərəkətin təhlükəsizliyinə mane olmasın. Sürücü yükü yerləşdirərkən bu amili mütləq nəzərə almalıdır. Cavab-3. |
15. | “C1” altkateqoriyasından olan yük avtomobili İVMK-sı 3.5 t-dan artıq olan NV-dir. Bu suala cavab vermək üçün iki əsas qaydanı xatırlayaq. Yolayrıcında elə dönmək lazımdır ki, NV hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. NV sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir (m.42.VII). Eyni istiqamətdə 3 və daha çox hərəkət zolağı olan yolda NV-nin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı İVMK-sı 3,5 tondan çox olan yük avtomobilləri sola və ya geriyə dönmək halları istisna olmaqla həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır (m.49.V). Sol şəkilə baxaq: C üzrə dönən avtomobil hərəkət hissələrinin birinci kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçir. A üzrə dönərkən sürücü 2-ci zolaqdan sağa dönür və 2-ci zolağa daxil olur (m.42.VI, VII). C və A üzrə dönmə manevretmə qaydalarına ziddir. Sağ şəkildə şərait daha mürəkkəbdir. Yol nişanlarına diqqət yetirsək görərəik ki, kəsişən yol birtərəflidir. Bu o deməkdir ki, D və E üzrə dönən sürücü hərəkət hissələrinin birinci kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçir. F üzrə düz istiqamətdə getməklə sürücü 49.V maddənin tələbini pozur, yəni 3 hərəkət zolağı olan yolda sol kənar hərəkət zolağında qalaraq hərəkəti davam etdirir. Sağ şəkildə göstərilən trayektoriyaların hər biri üzrə hərəkət qadağandır. Beləliklə, baxılan variantlardan yalnız B üzrə dönməyə icazə verilir. Cavab-2. |
16. | Şəkillərdə “T” şəkilli üçtərəfli yolayrıcı göstərilib. Belə yolayrıclarında yan keçidin qarşı tərəfində o halda dayanmaya icazə verilir ki, yolayrıcı ərazisindən keçən 1.1 və ya 1.3 və ya ayırıcı zolaqla dayanmış NV arasında məsafə 3 m-dən az olmasın (m.52.IV). Belə yolayrıclarında digər nişanlanma xətləri olduqda (məsələn, 1.5 və ya 1.11) və ya yolayrıcı ərazisində nişanlama xətti, yaxud ayırıcı zolaq olmadıqda, yan keçidin bilavasitə qarşı tərəfində dayanmağa icazə verilmir. Sualın şərtində qeyd edilib ki, avtomobillər məcburi dayanma ediblər. Bildiyimiz kimi, NV dayanmanın qadağan edildiyi yerdə məcburi dayanarsa və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanma işıq siqnalını yandırmalı və ya qəza dayanma nişanını quraşdırmalıdır (m.55.II). Qeyd edilən şərt və qaydalara görə yuxarıdakı şəkillərdə göstərilən yerlərdə NV-nin dayanması qadağandır. Əgər həmin yerlərdə məcburi dayanma baş veribsə, deməli həmin avtomobillərin sürücüləri qəza dayanma işıq siqnalını yandırmalı və ya qəza dayanma nişanını quraşdırmalıdırlar. Cavab-2. |
17. | Şəkildə nizamlanmayan eyni əhəmiyyətli yolların kəsişməsi və “B” kateqoriyasından olan avtomobillər göstərilib. Bu yolayrıcında hərəkət ardıcıllığı “sağdan maneə” prinsipinə əsaslanmalıdır. Belə olan halda D, C və A avtomobilləri ilk növbədə və eyni vaxtda hərəkət edə bilərlər, onlara yol verən B və E avtomobilləri isə ikinci növbədə yolayrıcını tərk edə bilərlər. Burada heç bir sürücü yol hərəkəti qaydalarını pozmur. Ən çox şübhə doğuran C avtomobilidir, lakin yol yaşayış məntəqəsində və yük avtomobili “B” kateqoriyasından olduğundan bu şübhələr aradan qalxır (m.77.I-IV; m.49.I). Cavab-4. |
18. | Dayanmanın qadağan edildiyi yerdə NV məcburi dayandıqda, sürücü qəza dayanma işıq siqnalını yandırmalı və ya qəza dayanma nişanını quraşdırmalıdır. Əgər NV-də qəza işıq siqnalı saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər (m.55.II-IV). Bundan əlavə, sürücü qabarit işıqları da mütləq şəkildə yandırmalıdır (m.73. VI). Cavab-3. |
19. | “Əlilliyi olan şəxs” tanınma nişanı orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə NV dövlət qeydiyyatına alınarkən və ya onların müraciəti və müvafiq orqanizmin funksiyalarının pozulması faizini təsdiq edən sənəd əsasında DYP-nin Qeydiyyat, imtahan və texniki baxış şöbəsi tərəfindən ödənişsiz təqdim olunur. “Əlilliyi olan şəxs” tanınma nişanı yerləşdirilmiş NV-ni idarə edən şəxs orqanizmin funksiyalarının pozulması faizini təsdiq edən sənədi özündə saxlamalı və DYP əməkdaşının tələbi ilə yoxlanılması üçün ona təqdim etməlidir (m.72.qeyd). Digər tanınma nişanları ilə bağlı belə bir tələb yoxdur. Cavab-1. |
20. | Avtomobilin faktiki kütləsi onun icazə verilən maksimum kütləsinə bərabərdirsə, deməli avtomobil tam yüklü vəziyyətdədir. Tam yüklü NV-nin saz vəziyyətdə olan duracaq tormoz sistemi onların tərpənməzliyini yolun 0–16 dərəcəli maillik həddində təmin etməlidir. Bu halda duracaq tormoz sistemi 16 dərəcədən çox olan enişdə (yoxuşda) avtomobilin tərpənməzliyini təmin etməyə bilər (Əlavə 1). Cavab-3. |
DİGƏR BİLETƏ KEÇİD ET (BİLET 76)
© 2026 DDA MMC. Bütün hüquqlar qorunur. Saytdakı test izahlarının və materialların icazəsiz kopyalanması və ya paylaşılması qadağandır.
Digər Maraqlı Yazılar

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 78

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 77

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 76

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 74

