
İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 78
Hər kəsin səhv yazdığı o çətin suallar? Artıq problem deyil! DDA-nın yeni test kitabındakı ən qəliz situasiyaların detallı izahlarını tapdınız.
Əziz gələcək sürücülər!
Bilirik ki, sürücülük imtahanına hazırlaşarkən qarşınıza elə suallar çıxır ki, qaydanı bilsəniz belə, məntiqini tutmaq çətin olur. Test kitabımızın son bölməsindəki o "şifrəli" və ən çox çaşqınlıq yaradan sualları məhz buna görə ayrıca qruplaşdırdıq.
Hələ də test kitabımızı əldə etməmisinizsə, imtahanı ilk cəhddən keçmək üçün tam versiyanı aşağıdakı linkdən sifariş edə bilərsiniz.
Özünüzü Xüsusi imtahan proqramında test etmək istəsəniz: XÜSUSİ İMTAHAN PROQRAMI
BİLET № 78
1. | Sualdan bəllidir ki, bizim hərəkət etdiyimiz yolun mərkəzində və ya solunda eyni istiqamətli tramvay yolları yerləşir. Biz yolayrıcına yaxınlaşırıq və bilirik ki, kəsişən yolda ayırıcı zolağ olduğundan, bu yolayrıcında hərəkət hissələrinin 2 kəsişməsi vardır. Bu şəraiti təsəvvür edə bilsək, suala ani şəkildə doğru cavab verəcəyik. Tramvay yollarını keçərək sola və ya geriyə dönmək qadağan deyil. 2 və 3-cü nişanlardan heç biri yolayrıcında sola dönməyi qadağan etmir. 1, 4 və 5-ci nişanlar isə yalnız qarşısında quraşdırılığı birinci kəsişmədə sola dönməyi qadağan edir, lakin ikinci kəsişmədə onlar sola dönməyi qadağan etmir (m.64.V; m.65.IV). Deməli, nişanlardan heç biri, sualda canlandırılan yolayrıcında sola dönməyi qadağan etmir. Cavab-5. |
2. | 16 yaşa çatmış şəxslər “A1” altkateqoriyalı sürücülük vəsiqəsini ala bilərlər və bununla da onlar mühərrikinin işçi həcmi 125 sm3-dən və ya elektrik mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri, trisiklləri, yüngül kvadrisiklləri və mopedləri idarə etmək hüququ qazanırlar (m.34.IV). Cavab-1. |
3. | Əgər sutkanın işıqlı vaxtı hərəkətdə olan avtobusda qabarit işıqları və duman faraları yandırılmışdırsa və bu, işıq cihazlarından istifadə qaydalarının pozulması sayılmırsa, deməli, avtobus birtərəfli yolda ümumi axının əksinə doğru hərəkət üçün nəzərdə tutulmuş xüsusi zolaqda hərəkət edir (m.73.V). 1-ci nişan bu yol sahəsinin başlanğıcında ümumi nəqliyyat axınının qarşısında quraşdırılır və o, hər yolayrıcından sonra təkrarlanır. 4-cü nişan isə belə yol sahəsinin bitdiyi yerdə quraşdırılır. 1 və 4-cü nişanları avtobus sürücüləri görmürlər. Onlar yalnız 3-cü nişanı görürlər və bu nişan yolun sağ tərəfində quraşdırır. Şəkildəki nişanlardan yalnız 2-ci nişan digər yoldan dönərək şəkildə göstərilən yola yandan çıxış yerləri, yəni yolayrıcları qarşısında quraşdırılır (m.66). Cavab-4. |
4. | Şəkildə 3.2 “Hərəkət qadağandır” nişanı tətbiq edilməklə hərəkətin qadağan edildiyi yol sahəsi göstərilmişdir. 3.2 yol nişanı öz təsir sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan NV-yə şamil edilmir. Belə NV işarələnmiş sahədəki təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdır (m.64.V). Sualın şərtindən aydın olur ki, şəkildə göstərilən NV-lərə trayektoriyalar üzrə getmək qadağan deyil. Lakin bəzi detallara fikir vermək lazımdır. 2-ci avtomobilin sürücüsü sağ zolaqdan sola dönməklə manevretmə qaydalarını pozur (m.42.VI). 5-ci avtomobilin sürücüsü isə yolayrıcı qarşısındakı 3.18.1 “Sağa dönmək qadağandır” nişanının tələbini pozur (m.64.V). Digər sürücülər isə təyinat yerinə ən yaxın yolayrıcıdan daxil olub-çıxmaq şərtilə hərəkəti oxlar üzrə davam etdirə bilərlər. Cavab-5. |
5. | Sürücü bilməlidir ki, hərəkət sürəti atrdıqca tormoz yolu da artır. Bəzi sürücülər bunu praktikada sınaq etmədiklərindən, prosesin dinamikasını başa düşmürlər. Hərəkət sürəti artarkən tormoz yolu hərəkət sürətinin artmasının kvadratına bərabər olaraq artır, yəni sürət 2 dəfə artarsa, tormoz yolu 4 dəfə, sürət 3 dəfə artarsa, tormoz yolu 9 dəfə artacaq. 30 km/saat sürətlə hərəkət edərkən tormoz yolu 3 m təşkil edirsə, deməli 60 km/saat - sürətin 2 dəfə (60:30=2) artması deməkdir, tormoz yolu 4 dəfə artmalıdır - 3x4=12 m. 90 km/saat - sürətin 3 dəfə (90:30=3) artması deməkdir, tormoz yolu 9 dəfə artmalıdır - 3x9=27 m. 120 km/saat - sürətin 4 dəfə (120:30=4) artması deməkdir, tormoz yolu 16 dəfə artmalıdır - 3x16=48 m. Cavab-2. |
6. | Tipindən asılı olmayaraq avtomobillərdə istifadə edilən yanacaq nasoslarının əsas funksiyası yanacağı çəndən götürüb mühərrikə ötürməkdir. Cavab-4. |
7. | Şəkildə avtomobilin dayanma yolunun strukturu və onun dinamikası göstərilib. Burada avtomobilin sürücüsü piyadanı görür və onu vurmamaq üçün lazımi tədbirləri görür. A hərfi ilə göstərilən yol sürücünün reaksiya müddətində avtomobilin qət etdiyi yoldur, B hərfi ilə göstərilən yol tormoz pedalına təsirdən sonra təkərlərin tormozlanmasına qədər keçən vaxt ərzində avtombilin qət etdiyi yoldur, C hərfi ilə göstərilən yol isə təkərlər tormozlanmağa başladıqdan avtomobilin tam dayanana kimi keçən vaxt ərzində qət edilən yoldur. A+B+C yolu, yəni sarı rəngli ox xətti ilə göstərilən yol - dayanma yolu, B+C məsafəsi – tormoz yoludur. Cavab-3. |
8. | Qaydalara görə, piyada – NV-dən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir. Əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqda gedən, velosiped, kiçik elektrik NV, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq üçün araba və ya əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacağı aparan şəxslər də piyadaya bərabər tutulur (m.1.36). Cavab-2. |
9. | Əfsuslar olsun ki, yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi sürücülərin diqqətsizliyi nəticəsində baş verir. Diqqəti ən çox yayındıran amillərdən biri mobil telefondur. Sükan arxasında telefonla danışan, kontakt axtaran, mesaj yazan, sosial şəbəkələrdən istifadə edən və ya görüntülü danışan sürücülərə tez-tez rast gəlinir. NV-ni idarə edərkən diqqətin yayınması çox təhlükəlidir. Normal şəraitdə insanın reaksiya müddəti təxminən 0,5–1,5 saniyədir. Sürücü təhlükəni cəmi 1 saniyə gec görərsə, vəziyyəti qiymətləndirmək və qərar qəbul etmək üçün də ən azı 1 saniyə vaxt sərf edəcək. Beləliklə, avtomobil təhlükəyə yalnız 2 saniyədən sonra reaksiya verməyə başlayacaq. Bundan sonra isə tormozlama və ya maneədən yayınma üçün əlavə vaxt tələb olunur. Deməli, diqqəti yayınan sürücü ən azı 2 saniyə gecikir. Avtomobilin 1 saniyədə qət etdiyi məsafəni hesablamaq üçün sürəti 3,6-ya bölmək kifayətdir. Məsələn, 60 km/saat sürətlə hərəkət edən avtomobil 1 saniyədə təxminən 17 metr yol gedir. Təxmini olaraq yadda saxlamaq olar: 50 km/saat - 14 m/s; 60 km/saat - 17 m/s; 70 km/saat -19 m/s; 80 km/saat - 22 m/s; 90 km/saat - 25 m/s; 100 km/saat - 28 m/s. Təsəvvür edin ki, 90 km/saat sürətlə hərəkət edən sürücü cəmi 1 saniyə telefona baxır. Bu müddətdə avtomobil təxminən 25 metr yol qət edir. Nəticədə sürücünün reaksiyası gecikir və avtomobilin tam dayanma məsafəsi ən yaxşı halda 77–90 metrə çata bilər. Bu isə qəzanın baş vermə ehtimalını ciddi şəkildə artırır. Bunu fikrinizdə canlandırın! Cavab-3. |
10. | YHHQ-da edilmiş və 26 mart 2026-cı ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən mopedlər də motosikletlər və avtomobillər kimi manevrlər edə bilərlər. Əvvəlki qaydalara görə mopedlər yolun yalnız sağ zolağının sağ tərəfində bir cərgədə hərəkət etməli, eyni istiqamətdə hərəkət zolağı birdən çox olan yollarda sola və geriyə dönməməli idilər. Yeni qaydalara görə mopedlər mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər, lakin qanunla qadağan edilməyən istənilən yerdə sola və geriyə dönə bilərlər (m.46.IV). Cavab-4. |
11. | Şəkildə üç hərəkət zolağı olan ikitərəfli hərəkət təşkil olunmuş yol göstərilib. Belə yolun mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolaq yalnız ötmə, yandankeçmə və sola, yaxud geriyə dönmə üçün nəzərdə tutulub (m.49.III). Yerdəyişmə edərək məcburi dayanmış NV-ni yandan keçib yolayrıcına orta zolaqdan daxil olan sürücü m.49.III-cü maddəyə əsasən yalnız A və ya B üzrə hərəkətini davam etdirə bilər. Orta zolaqdan digər istiqamətlər üzrə hərəkət etmək qadağandır. D üzrə hərəkət etmək üçün sürücü, yük avtomobili və yolayrıcı arasındakı 10 m məsafədən istifadə edərək sağ zolağa yerdəyişmə etməli idi. Cavab-3. |
12. | Moped və motosikletlər avtomobillər üçün nəzərdə tutulmuş 5.15 yol nişanı, habelə 7.6.1-7.6.9 lövhəciklərindən biri ilə və 1.1 nişanlama xətləri ilə işarələnmiş parklanma yerlərində duracağa qoyula bilər (m.53.IV,XXIII). Təcrübə göstərir ki, moped və motosikletlər üçün təchiz edilən parklanma yeri onların uzunluğu nəzərə alınmaqla 1.1 nişanlama xətləri ilə işarələnir və bu yerdə onlar 2, 3 bəzi yerlərdə hətda 4 cərgədə də dura bilirlər (m.52.I). 5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində həm velosipedlər, həm də KENV, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız KENV parklana bilər (m.53.X-II). Cavab-4. |
13. | Cavablarda qeyd edilənlərin hər biri qayda pozuntusudur və onları törədən fərdi avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilə bilər. Yol çiyni olduğu halda yolun hərəkət hissəsinin sağ kənarında dayandığına, Avtomagistralda sağ yol çiynində dayandığına, dəmir yol keçidindən hərəkətə icazə verildiyi halda həmin keçiddə durduğuna və ya girişin və ya darvazanın qarşısında durduğuna görə sürücü İXM–nin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə oluna bilər. Taksi minik avtomobillərinin duracaq yerində sərnişini düşürdüyünə görə isə sürücü İXM–nin 346.6-cı maddəsinə əsasən 40 manat məbləğində cərimə oluna + 2 balla qiymətləndirilə bilər. Cavab-4. |
14. | Yol nişanlarını təhlil etdikdə görürük ki, minik avtomobili 3 hərəkət zolağından ibarət olan birtərəfli yol sahəsindədir və bu yol sahəsi yolayrıcında bitir. Yolayrıcından sonrakı yol isə üç hərəkət zolağı olan ikitərəfli hərəkət təşkil olunmuş yoldur. Belə yolun mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolaq yalnız manevrlər üçün nəzərdə tutulub (m.49.III). Yerdəyişmə edərək yolayrıcına orta zolaqdan daxil olan avtomobil sürücüsü m.46.VI-cı maddəsinə əsasən sola (B) və ya sağa (E) dönməklə manevretmə qaydalarını pozur. Geriyə (A) dönməklə həm manevetmə qaydalarını, həm də hərəkətin əksinə doğru gedəcəyinə görə təhlükəsizlik qaydalarını pozur. C üzrə hərəkət etməklə m.46.VII-cı maddənin tələbini pozur, yəni hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçir. Bu şəraitdə D üzrə hərəkəti davam etdirmək qadağan deyil. Sürücü təhlükəsizlik və manevetmə qaydaklarına əməl etməklə D üzrə hərəkəti davam etdirə bilər. E üzrə hərəkət etmək üçün sürücü, yük avtomobili və yolayrıcı arasındakı 10 m məsafədən istifadə edərək sağ zolağa yerdəyişmə etməli idi. Sola dönmək üçün isə sürücü sağ zolğa yerdəyişmə etməli idi. Cavab-1. |
15. | Bu yolayrıcında nizamlayıcı olduqda o, nizamlanan yolayrıcı hesab edilir və sürücülər müvafiq siqnallara əməl etməlidirlər. Sarı rəngli avtomobilin sürücüsü hərəkəti göstərilən ox istiqamətində davam etdirmək üçün buna icazə verən nizamlayıcı siqnalını görməlidir. Sürücü nizamlayıcını şəkildə göstərilən tərəfdən görür. 1-ci siqnal həm ox istiqamətində getməyə, həm də sağa dönməyə icazə verir, 2-ci siqnal həm ox istiqamətində, həm də bütün digər tərəflərə dönməyə icazə verir, 3-cü və 5-cü siqnallar hərəkəti qadağan edir, 4-cü siqnal isə yalnız sağa dönməyə icazə verir (m.58.II). Cavab-2. |
16. | Şəkildən görürük ki, avtomobilin ön hissəsindəki işıq cihazları hamısı (dönmə işıq siqnalı istisna olmaqla) yandırılmışdır. Sutkanın qaranlıq vaxtı yalnız faraların yaxın və ya uzaq işıqları müxtəlif hallarda (şəraitdə) yandırıla bilər. Buraya aid etmək olar: 1) süni işıqlandırma sistemi olan tunelləri; 2) yolun işıqlandırılan sahələrini; 3) yolun işıqlandırılmayan sahələrini və s. Sutkanın qaranlıq vaxtı duman faralarının yandırılması konkret şəraitdə icazə verilir. Duman faraları və faraların yaxın və uzaq işıqlarının eyni vaxtda yandırılması bildirir ki, avtomobil sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində və ya məhdudiyyətli görünmə şəraitində hərəkət edir (m.73.III,V-I). Cavab-3. |
17. | Şəkildə minik avtomobilinin tormoz sistemləri göstərilib. Buraya, həm işçi tormoz sistemi, həm də duracaq tormoz sistemi aiddir. C hərfi ilə göstərilmiş dəstəyi yuxarı qaldırdıqda, yəni sona kimi çəkdikdə, duracaq tormoz sistemi aktivləşir, arxa təkərlər kipləşdirilir (bloklanır). Sürücünün önündəki nəzarət-ölçü cihazları lövhəsində yerləşən 5-ci işarə (simvol) bu barədə məlumat verir (Ə.Talıbov. Sürücülük vəsaiti. səh.152). Cavab-4. |
18. | Şəkildə minik avtomobilinin işçi tormoz sisteminin əsas hissələri göstərilib. Cavablarda qeyd edilən hissələr hamısı bu şəkildə vardır. Qırmızı rənglə göstərilən hissənin Baş tormoz silindridir. Cavab-5. |
19. | NV-nin öz-özünə hərəkətini və ya digər şəxslərin ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya NV-ni qoyub gedə bilər. NV-ni duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı maneəyə tərəf döndərməli və qapıları kilidləməlidir. Hər iki tərəfində səki olan birtərəfli yolun yoxuş sahəsinin sol tərəfində dayandırılmış avtomobilin sürücüsü təhlükəsizliyi təmin etmək məqsədilə təkərləri sağ tərəfə döndərməlidir. Əgər avtomobil özbaşına hərəkətə gələrsə, bu halda bordürə ilişən təkərlər geriyə hərəkətin qarşısını alacaqdır. Cavab-3. |
20. | 1 - 4-cü cavablarda qeyd edilənlərin hər biri qayda pozuntusudur və onları törədən sürücü inzibati məsuliyyətə cəlb edilə bilər. Dəmiryol keçidlərindən keçmə qaydaları YHHQ-nin 44-cü maddəsində öz əksini tapmışdır. Buraya, keçiddən keçmək qadağan edildiyi hallarda sürücünün etməli olduğu hərəkətlər daxildir. Onlara aiddir: Keçidə girmək qadağandır: 1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda; 2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq); 3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda); 4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə; 5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində); 6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış NV-nin yanından keçib getməklə. Bundan əlavə qadağandır: 1) şlaqbaumu özbaşına açmaq; 2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol keçidindən keçirmək; 3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan NV-nin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti. Yuxarıda sadalanan qaydaları pozan sürücü İXM–nin 327-1-ci maddəsinə əsasən ən azı 200 manat məbləğində cərimə oluna + 4 balla qiymətləndirilə bilər. Cavablardan yalnız 1-cisi bu qaydalara aiddir. 2-ci cavab dayanma qaydalarına, 3-cü cavab manevretmə qaydalarına, 4-cü cavab isə ötmə qaydalarına aiddir. 2, 3 və 4-cü cavablarda qeyd edilən qayda pozuntularına görə məsuliyyət nisbətən yüngüldür. Cavab-1. |
DİGƏR BİLETƏ KEÇİD ET (BİLET 73)
© 2026 DDA MMC. Bütün hüquqlar qorunur. Saytdakı test izahlarının və materialların icazəsiz kopyalanması və ya paylaşılması qadağandır.
Digər Maraqlı Yazılar

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 77

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 76

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 75

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 74

